Səudiyyə Ərəbistanında Kanada mənşəli şahin 346 min dollara satılıb

Dünya xəbərləri Materials 16 Avqust 2026 04:03 (UTC +04:00)

Bakı. Trend:

Səudiyyə Ərəbistanında keçirilən Beynəlxalq Şahin Yetişdiriciləri Hərracında Kanada mənşəli şahin 346 min dollara satılıb. Bu, builki hərracda indiyədək qeydə alınan ən yüksək qiymət, tədbirin tarixində isə ikinci ən bahalı satış olub.

Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata əsasən, Ontario əyalətində yerləşən “Jim Wilson” fermasında yetişdirilən, üçdə dörd hissəsi “gyr” cinsindən olan ağ rəngli gənc şahin hərracın yeddinci günündə satışa çıxarılıb.

Hərrac Səudiyyə Ərəbistanının Milli Şahin Mərkəzi tərəfindən paytaxt Ər-Riyaddan təxminən 65 kilometr şimalda yerləşən Malham şəhərində təşkil olunur.

Kanada mənşəli şahin üçün ilkin qiymət 200 min Səudiyyə rialı (53 min ABŞ dolları) müəyyən edilib. Gərgin mübarizədən sonra quş 1,3 milyon rial, yəni 346 min dollara satılıb.

Hərracda satılan şahinlər Səudiyyə Ərəbistanında keçirilən məşhur şahin yarışlarında iştirak etmək hüququ qazanırlar. Yarış mövsümündə ümumi mükafat fondu təxminən 12,5 milyon dollar təşkil edir.

Xəbər lenti

Xəbər lenti