Bakı. Trend:
Qətər hakimiyyəti mart ayında ölkənin hava məkanını pozan hərbi təyyarələrin iranlı pilotlarının əsir götürüldüyünə dair İran tərəfinin iddialarını qəti şəkildə təkzib edib.
Bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid əl-Ənsari bildirib.
“İranlı pilotların saxlanılması ilə bağlı yayılan iddiaları qətiyyətlə rədd edirik. Bölgədə gərginliyin azaldılması istiqamətində diplomatik səylərin davam etdiyi bir vaxtda bu cür yanlış yönləndirici bəyanatların verilməsi bizi təəccübləndirir”, – deyə diplomat vurğulayıb.
XİN nümayəndəsinin sözlərinə görə, ekipajlara sərhədi pozduqları barədə xəbərdarlıq edilib.
“Döyüş əməliyyatları qaydalarına əməl olunduqdan və onlarla əlaqə saxlamaq cəhdləri cavabsız qaldıqdan sonra beynəlxalq hüququn tələblərinə uyğun olaraq ərazimizi qorumaq üçün zəruri tədbirlər görüldü”, – deyə əl-Ənsari izah edib.
O əlavə edib ki, axtarış-xilasetmə qrupları pilotlardan birinin cəsədini aşkarlayıb. Doha beynəlxalq humanitar hüquqa uyğun olaraq meyitin təhvil verilməsini əlaqələndirmək üçün Tehranla əlaqə saxlayıb və hələ aprel ayında İran nümayəndə heyətini axtarış əməliyyatının təfərrüatları ilə tanış olmağa dəvət edib. Lakin onun sözlərinə görə, “İran tərəfi indiyədək buna cavab verməyib”.
