DSX general-mayor Abbasəli Novruzovun vəfatı ilə bağlı nekroloq yayıb

Cəmiyyət Materials 16 Avqust 2026 23:11 (UTC +04:00)
DSX general-mayor Abbasəli Novruzovun vəfatı ilə bağlı nekroloq yayıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Sərhəd Xidməti (DSX) general-mayor Abbasəli Ramazan oğlu Novruzovun vəfatı ilə bağlı nekroloq yayıb.

Nekroloqda deyilir:

"Azərbaycan sərhəd mühafizəsinin inkişafında mühüm xidmətləri olmuş, uzun illər dövlət sərhədlərimizin etibarlı mühafizəsinə şərəflə xidmət etmiş, Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini – Sərhəd Qoşunlarının komandanı vəzifəsində çalışmış general-mayor Abbasəli Ramazan oğlu Novruzov 16 avqust 2026-cı il tarixində, ömrünün 90-cı ilində vəfat edib.

Abbasəli Ramazan oğlu Novruzov 25 may 1937-ci ildə Qərbi Azərbaycanın Əzizbəyov rayonunun Zeytə kəndində anadan olmuşdur.

Həyatının böyük hissəsini sərhədçi peşəsinə həsr edən Abbasəli Novruzovun hərbi xidmət yolu sıravi əsgər kimi başlamış, yüksək peşəkarlığı, zəngin təcrübəsi, prinsipiallığı və Vətənə sədaqəti sayəsində məsul vəzifələrədək yüksəlmişdir. SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Sərhəd Məktəbinin hüquq bölməsini, daha sonra Dövlət Təhlükəsizlik Akademiyasını bitirmiş, hüquqşünas, hərbi tərcüməçi və əməliyyatçı kimi xidmət etmişdir.

Peşəkar fəaliyyətinə və hüquq sahəsində xidmətlərinə görə 1979-cu ildə “Azərbaycan SSR əməkdar hüquqşünası” fəxri adına, həmçinin “SSRİ DTK-nın fəxri əməkdaşı” adına layiq görülmüşdür.

Müstəqilliyimizin ilk illərində dövlət sərhədlərinin mühafizəsinin möhkəmləndirilməsi, milli sərhəd mühafizə sisteminin formalaşdırılması və Sərhəd Qoşunlarında idarəetmənin təkmilləşdirilməsi xüsusi əhəmiyyət daşıyırdı. Belə mürəkkəb bir dövrdə Ümummilli Lider Heydər Əliyevin qərarı ilə Abbasəli Novruzov 8 aprel 1994-cü ildə yenidən sərhəd mühafizəsi sıralarına qaytarılmış, Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini – Sərhəd Qoşunlarının komandanı vəzifəsinə təyin edilmişdir.

Azərbaycanın müstəqil dövlət olaraq öz sərhədlərini milli qüvvələri hesabına qoruması prinsipini ardıcıl müdafiə edən Abbasəli Novruzov beynəlxalq və regional görüşlərdə ölkəmizin dövlətçilik maraqlarını qətiyyətlə ifadə etmişdir. Onun “Azərbaycan müstəqil dövlətdir, öz sərhədlərini özü qorumalıdır” mövqeyi müstəqil milli sərhəd mühafizə sisteminin qurulmasına yanaşmasının əsas mahiyyətini əks etdirmişdir və Azərbaycan Respublikasının xüsusi xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə, dövlət təhlükəsizliyinin, sərhədlərimizin etibarlı mühafizəsinin təmin olunmasında xidmətlərinə görə “Şöhrət” ordeni və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.

General-mayor Abbasəli Ramazan oğlu Novruzovun uzun və şərəfli xidmət yolu, dövlət sərhədlərimizin mühafizəsinin təşkilində göstərdiyi xidmətlər və Azərbaycan sərhədçisinin peşəkar ənənələrinin formalaşmasına verdiyi töhfələr daim ehtiramla xatırlanacaqdır.

Abbasəli Ramazan oğlu Novruzovun əziz xatirəsi onu tanıyanların, silahdaşlarının və sərhədçilərin qəlbində daim yaşayacaqdır.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi general-mayor Abbasəli Novruzovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

General-mayor Abbasəli Novruzovun dəfn mərasimi 17 Avqust 2026-cı il tarixində, saat 10:00-da Hərbi Memorial Məzarlıqda keçiriləcəkdir".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti