Bakı. Trend:
Xaçmaz rayonunda yetişdirilən şaftalı yüksək keyfiyyəti və dadı ilə seçilir. Yerli bazarda böyük tələbat görən məhsulun bir hissəsi ölkənin müxtəlif bölgələrinə göndərilir, əsas hissəsi isə ixrac olunaraq Rusiya Federasiyasının ayrı-ayrı şəhərlərində satışa çıxarılır.
Hazırda rayon üzrə şaftalı bağlarının ümumi sahəsi 4 min 114,8 hektar təşkil edir. Bunun 2 min 251,1 hektarı intensiv, 1 min 863,7 hektarı isə ənənəvi üsulla salınmış bağlardır.
Son illərdə rayonda müasir bağçılığın inkişafına maraq daha da artıb. Belə ki, 2025–2026-cı illərdə Xaçmazda ümumilikdə 1 min 93 hektar sahədə yeni şaftalı bağları salınıb. Həmin bağların 966,3 hektarı intensiv, 126,7 hektarı isə ənənəvi üsulla yaradılıb.
Bu dövrdə rayon ərazisində salınan müxtəlif növ yeni bağların ümumi sahəsi isə 2 min 53 hektar olub. Onların 1 min 908,5 hektarını intensiv, 9,5 hektarını superintensiv, 135 hektarını isə ənənəvi bağlar təşkil edir.
Tətbiq olunan müasir becərmə üsulları məhsuldarlığın artmasına da imkan yaradır. Ənənəvi şaftalı bağlarında hər hektardan orta hesabla 20–25 ton məhsul götürüldüyü halda, intensiv bağlarda bu göstərici 30–35 tona, superintensiv bağlarda isə 40–45 tona çatır.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssisləri Qusarçay kəndində yerləşən şaftalı bağlarına baxış keçiriblər.
Elnur Rzayev təsərrüfatçılarla görüşərək onların fəaliyyəti, məhsul istehsalı, yığımın gedişi və satış imkanları ilə maraqlanıb. Söhbət zamanı aqrar sahənin inkişafı, müasir təsərrüfatların yaradılması və fermerlərə göstərilən dövlət dəstəyi barədə ətraflı məlumat verilib.
Təsərrüfat sahibləri fermerlər üçün yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.