Bakı.Trend:
Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Çexiyaya 562,1 milyon ABŞ dolları dəyərində 802,4 min ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac olunub.
Trend-in Dövlət Gömrük Komitəsinin Azərbaycanın xarici ticarətinin gömrük statistikası məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 15,025 milyon ABŞ dolları və ya 2,7 faiz çox, həcm baxımından isə 225,2 min ton və ya 21,9 faiz azdır.
Komitənin məlumatına əsasən, ötən ilin yanvar-iyul aylarında Azərbaycandan Çexiyaya 1,028 milyon ton bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac olunub. Bu ixracın dəyəri isə 547,091 milyon ABŞ dolları təşkil edib.
Ümumilikdə, bu ilin yanvar-iyul aylarında Azərbaycan 8 milyard 32 milyon 904 min ABŞ dolları dəyərində 12 milyon 722 min 591 ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 372,7 milyon ABŞ dolları və ya 4,9% çox, həcm baxımından isə 1,7 milyon ton və ya 12,1% azdır.
Xatırladaq ki, bundan əvvəl Çexiyanın Sənaye və Ticarət Nazirliyindən Trend-ə verilən özəl məlumatda Azərbaycanın Çexiya üçün etibarlı strateji tərəfdaş kimi özünü təsdiqlədiyi bildirilmişdi. Nazirlik vurğulamışdı ki, Azərbaycan ölkənin əsas xam neft tədarükçülərindən biridir və Çexiyanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
"Praqa Azərbaycanı Avropanın enerji təchizatının şaxələndirilməsi məsələsində mühüm tərəfdaş hesab edir və energetika sahəsində əməkdaşlığın daha da inkişafını dəstəkləyir. Neft və qaz tədarükünün şaxələndirilməsinin təmin olunması ölkənin enerji siyasətinin əsas prioritetlərindən biri olaraq qalır. Azərbaycanın əlverişli coğrafi mövqeyi, Avropa, Xəzər regionu və Mərkəzi Asiya arasında əlaqələndirici körpü rolu onun Çexiya da daxil olmaqla Avropa dövlətləri üçün strateji tərəfdaş kimi əhəmiyyətini daha da artırır", – deyə nazirlikdən bildirilib.
