İran və Azərbaycan liderlər arasında birbaşa dialoq yolu ilə münasibətləri gücləndirirlər - Əraqçi

Siyasət Materials 19 Avqust 2026 00:03 (UTC +04:00)
İran və Azərbaycan liderlər arasında birbaşa dialoq yolu ilə münasibətləri gücləndirirlər - Əraqçi

Bakı. Trend:

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Prezident Məsud Pezeşkian Azərbaycanla münasibətlərin daha da möhkəmləndirilməsində şəxsi ünsiyyət və dialoqa xüsusi önəm verir.

Bu barədə İran Prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.

Əraqçinin sözlərinə görə, Pezeşkianın Azərbaycana səfəri ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ olub və iki ölkə arasında qarşılıqlı əlaqələrə yeni təkan verib. O qeyd edib ki, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan Prezidenti İlham Əliyevlə birbaşa və açıq dialoqu bu prosesdə mühüm rol oynayıb.

Əraqçi vurğulayıb ki, liderlərin şəxsi ünsiyyəti daha sıx qarşılıqlı anlaşmanın formalaşmasına imkan yaradıb və iki ölkə arasında əlaqələrin gələcək inkişafı üçün əlverişli şərait yaradıb.

Onun sözlərinə görə, bu yanaşmanın mühüm nümunələrindən biri Pezeşkianın Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı olub. Həmin telefon danışığı zamanı İran lideri Azərbaycan Prezidentini Azərbaycan dilində salamlayıb və bir neçə Azərbaycan atalar sözündən istifadə edib.

“Cənab Pezeşkianın Azərbaycan Prezidenti ilə telefon danışığı, onu Azərbaycan dilində salamlaması və bir neçə Azərbaycan atalar sözündən istifadə etməsi vəziyyəti tamamilə dəyişdi”, – deyə Əraqçi bildirib.

İranın xarici işlər naziri vurğulayıb ki, Pezeşkian dialoq və qarşılıqlı əlaqələrin ölkələr arasında əməkdaşlıq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi üçün yeni imkanlar yaradan nəticələrə gətirib çıxara biləcəyinə inanır.

Xəbər lenti

Xəbər lenti