Bakı. Trend:
Vaşinqton administrasiyası hesab edir ki, İsrailin Suriyadakı Əbu Duhur aviabazasına endirdiyi hava zərbələri “lazımsız eskalasiya” olub və regionda sabitliyə töhfə vermir.
Bunu ABŞ prezidentinin Suriya və İraq üzrə xüsusi nümayəndəsi, ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak "X" sosial şəbəkəsində yazıb.
“İsrailin Əbu Duhur aviabazasına endirdiyi təsdiqlənmiş hava zərbələrinin lazımsız eskalasiya olması və regionda sabitliyə xidmət etməməsi bizi ciddi narahat edir”, – o, X sosial şəbəkəsində yazıb.
Barrakın sözlərinə görə, Suriya hakimiyyəti “aqressiv mövqe tutmayıb” və “dəfələrlə İsraillə gərginliyin azaldılmasına hazır olduğunu ifadə edib”.
Xüsusi nümayəndə əlavə edib ki, ABŞ tərəfi diplomatik səylərin təşviqi məqsədilə “müzakirələri davam etdirəcək”.
“Uzunmüddətli deeskalasiya ilə bağlı razılaşmalar bütün maraqlı ölkələr və tərəflərlə davamlı dialoq vasitəsilə əldə olunur”, – deyə o vurğulayıb.
Barrak qeyd edib ki, ABŞ hələ də hesab edir ki, təmkin nümayiş etdirmək və qarşılıqlı əməkdaşlıq daha konstruktiv yanaşmadır.
O əlavə edib ki, ABŞ bütün tərəfləri hərbi əməliyyatları genişləndirmək əvəzinə konstruktiv dialoqa üstünlük verməyə çağırır.