Bakı. Trend:
Şamaxı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şamaxı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “VAZ 2121” Niva markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşması nəticəsində yol-nəqliyyat qəzasının baş verdiyi və sürücünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1951-ci il təvəllüdlü Aslanov Mətləb İsmayıl oğlu və sərnişin, 1956-cı il təvəllüdlü Aslanova Şövkət Qasım qızının meyiti dərədən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.