Bakı. Trend:
Məlum olduğu kimi, 2026-cı il iyunun 5-də ölkəmizə qarşı əsassız və təxribat xarakterli iddiaların yer aldığı məqalənin dərc edilməsinəgörə Azərbaycan CNN xəbərlər şəbəkəsinə qarşı ABŞ-nin Delaver ştatı üzrə federal məhkəməsində iddia qaldırıb və iddia tələbi 17 avqust 2026-cı il tarixində rəsmən məhkəməyə təqdim edilib.
CNN-in dərc etdiyi məqalədə Azərbaycan ərazisinin guya İsrail tərəfindən İrana qarşı hərbi və kəşfiyyat əməliyyatlarının həyata keçirilməsi üçün istifadə edildiyi barədə bir sıra təxribat xarakterli iddialar yer alıb.
Baxmayaraq ki, materialın dərcindən əvvəl şəbəkənin sorğusuna cavab olaraq, Azərbaycan tərəfi bu iddiaları əvvəlcədən rəsmən təkzib edib, məqalədə Azərbaycanın təqdim etdiyi mövqenin adekvat şəkildə əks olunmayıb, əsas iddialar isə anonim mənbələrə istinadən təqdim edilib.
Bundan ötən müddət ərzində Azərbaycan tərəfi 3 dəfə CNN-ə rəsmi müraciət edərək iddiaların təkzib edilməsini və düzəlişlərin aparılmasınıtələb edib. Lakin qarşı tərəf Azərbaycanın haqlı tələblərini araşdırmağa söz versə də, bu müddət ərzində heç bir adım atmayıb. Yoxlanılması mümkün olan konkret faktları sübutsuz və anonim mənbələrə əsaslanaraq fakt kimi təqdim edilməsi və əvvəlcədən verilmiş rəsmi təkzibi adekvat şəkildə nəzərə alınmaması CNN-ninölkəmizə qarşı qərəzli mövqeyinin bariz göstəricisidir.
Qeyd edək ki, CNN materialının müəlliflərindənbiri olan Tim Listerin əvvəlki materiallarında da Azərbaycanla bağlı birtərəfli yanaşma müşahidə edildiyi məlumdur. O, 2020-ci il Vətən müharibəsi və 2023-cü ildə antiterror tədbirləri zamanı da dərc etdiyi məqalələrdə Azərbaycana qarşı qərəzli iddialar yayımlayıb. Bu addımlar ölkəmizi İranla müharibəyə və ya hərbi-kəşfiyyat əməliyyatlarına cəlb olunmuş dövlət kimi göstərməklə Azərbaycanın balanslaşdırılmışregional siyasəti haqqında yanlış təsəvvür yaratmaq cəhdindən başqa bir şey deyil.
Ümid edirik ki, Azərbaycanın tələbinə məhkəmə tərəfindən obyektiv hüquqi qiymət veriləcək. Siyasi müstəvidə isə hökumətimizin mövqeyi kifayət qədər prinsipialdır: Azərbaycan ərazisi heç bir dövlətin başqa dövlətə qarşı hərbi və kəşfiyyat platforması deyil və bu barədə təsdiqlənməmiş məlumatların beynəlxalq informasiya məkanında yayılması Azərbaycan tərəfindən qəbul oluna bilməz.
Digər tərəfdən, Azərbaycan üçün bu məsələnin məhkəmə müstəvisinə keçirilməsi siyasi mesaj da daşıyır: Azərbaycan beynəlxalq mediada öz əleyhinə yayılan təsdiqlənməmiş məlumatları sadəcə siyasi bəyanatlarla deyil, hüquqi mexanizmlərdən istifadə etməklə də mübahisələndirməyə hazırdır.
Əli Hüseynli,
Milli Məclisin deputatı