Bakı. Trend:
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyinatı olub.
Bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Hikmət Mövlud oğlu Mustafayev bu vəzifəyə təyin edilib.
Bu vəzifəni indiyədək Mustafa Abbasbəyli yerinə yetirirdi. Adil Kərimlinin digər əmrinə əsasən, o, nazirin müşaviri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, 1997-ci ildən dövlət qulluğunda fəaliyyət göstərən
H.Mustafayev Dövlət Əmlak Komitəsində, İqtisadi İnkişaf
Nazirliyində və Əmlak Məsələləri Dövlət Komitəsində müxtəlif məsul
və rəhbər vəzifələrdə çalışıb.
O, eyni zamanda COP29 Azərbaycan Əməliyyat Şirkətində Aparat
rəhbəri kimi bu mötəbər beynəlxalq tədbirin təşkilati və inzibati
idarəetmə proseslərində fəal iştirak edib.
Bu təyinatadək Heydər Əliyev Mərkəzi direktorunun müşaviri
vəzifəsində fəaliyyət göstərən H.Mustafayev strateji planlaşdırma,
institusional koordinasiya və təşkilati idarəetmə sahələrində geniş
təcrübəyə malik mütəxəssis kimi tanınır.
Dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2019-cu il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. Dövlət qulluğunun baş müşaviridir.
