Bakı. Trend:
İnternetdə mənfi şərhlər insanın psixikasına təsir edə bilər və bəzən bu təsir düşündüyümüzdən də ciddi olur. Biz bəzən internetdə yazılan sözlərə “virtualdır, real deyil” yanaşması ilə baxırıq. Amma insan üçün təhqir, alçaldılma və ya rədd edilmə hissi harada yaşanmasından asılı olmayaraq emosional təsir yaradır.
Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında
keçirilən canlı yayım zamanı nazirliyin 2 nömrəli Klinik
Psixiatriya Xəstəxanasının baş həkimi Leyla Bəşirova açıqlayıb.
Onun sözlərinə görə, xüsusilə insan haqqında kütləvi şəkildə mənfi
fikirlər yazılması onun özünə inamına, özünüqiymətləndirməsinə,
əhval-ruhiyyəsinə və insanlarla münasibətlərinə təsir göstərə
bilər:
“Bəzi insanlarda uzun müddət davam edən mənfi şərhlər təşviş,
gərginlik, yuxu pozuntusu, özünəqapanma və hətta depressiv
əlamətlər yarada bilər. Burada insanın xarakteri və psixoloji
vəziyyəti də çox önəmlidir. Məsələn, özünəinamı daha zəif olan və
ya artıq psixoloji çətinlik yaşayan insan mənfi şərhdən daha çox
təsirlənə bilər. Yeniyetmələrdə isə bu təsir daha həssas ola bilər.
Çünki bu yaş dövründə həmyaşıdlarının fikri və qəbul olunmaq
xüsusilə böyük əhəmiyyət daşıyır”.
Baş həkim bildirib ki, sosial mediada yazılan hər mənfi fikrin
psixoloji problem yaratdığını söyləmək də düzgün olmaz:
“Əsas məsələ şərhlərin xarakteri, təkrarlanma tezliyi və insanın
buna necə reaksiya verməsidir. Xüsusilə valideynlərə demək istərdim
ki, uşaqların internetdə qarşılaşdıqları mənfi münasibəti kiçik
məsələ kimi qəbul etməsinlər. Uşaq “mənə pis söz yazıblar” deyirsə,
onun hisslərini dinləmək və “boş ver, fikir vermə” demək əvəzinə,
nə yaşadığını anlamağa çalışmaq lazımdır. Çünki bəzən böyüklər üçün
adi görünən bir cümlə yeniyetmə üçün çox ağır ola bilər.
Əsas məsələ uşağa internetdə yazılan hər fikrin həqiqət olmadığını,
onun dəyərinin başqalarının şərhləri ilə müəyyən edilmədiyini
anlatmaqdır. Ən vacibi isə mənfi şərhlərdən sonra insanın
davranışında ciddi dəyişikliklər yaranarsa — özünəqapanma,
insanlardan uzaqlaşma, yuxu və iştahda dəyişikliklər, davamlı kədər
və ya təşviş müşahidə olunarsa — bunu sadəcə “internetdə bir söz
yazıblar” kimi qiymətləndirmək olmaz. Belə halda psixoloji dəstəyə
ehtiyac yarana bilər”.
