Bakı. Trend:
İran Tehrandakı Fransa səfirliyinin iki əməkdaşına qarşı diplomatik tədbirlər görərək onları “persona non grata” elan edərək ölkəyə girişlərini qadağan edib.
İran Xarici İşlər Nazirliyinin bəyanatına əsasən, qərar diplomatların Tehranın qiymətləndirməsinə görə, beynəlxalq hüquq normalarına və 1961-ci il Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının müddəalarına uyğun olmayan hərəkətləri ilə bağlıdır.
Nazirliyin məlumatına görə, İran tərəfi bir neçə həftə əvvəl fransalı nümayəndələrə vəziyyət barədə məlumat verib, lakin məsələnin həlli istiqamətində tədbirlər görülməyib və ya gələcəkdə oxşar halların baş verməyəcəyinə dair təminat verilməyib.
Qərar İran Kəşfiyyat Nazirliyinin avqustun 15-də yaydığı bəyanatdan sonra qəbul edilib. Bəyanatda iki fransalı diplomatın xarici müdaxilə ehtimalı ilə bağlı iş üzrə keçirilən görüşdə iştirak etdiyi iddia olunub.
İran qurumu diplomatların hərəkətlərinin ölkə qanunvericiliyini və onların diplomatik öhdəliklərini pozduğunu bildirib. Həmçinin qeyd olunub ki, araşdırma zamanı əldə edilmiş materiallar qapalı təmaslar və mümkün xarici təsirlə bağlı daha geniş fəaliyyətə işarə edir.
İran hakimiyyəti iş üzrə araşdırmanın davam etdiyini və əlavə məlumatların daha sonra açıqlana biləcəyini bildirib. Fransa tərəfi isə hələlik bu qərarla bağlı rəsmi şərh verməyib.
