Bakı. Trend:
BƏƏ İrandan həyata keçirilən raket hücumu fonunda Tehranla bütün ticarət, maliyyə və kommersiya əməliyyatlarının dayandırıldığını açıqlayıb.
Bu barədə BƏƏ Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində yazıb.
“Beynəlxalq təhlükəsizliyə və regionda sülhə xələl gətirən regional gərginliyin artması fonunda İranla bütün ticarət, kommersiya mübadiləsi və maliyyə əməliyyatları növbəti bildirişədək dayandırılacaq”, – deyə bildirilib.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. İran tərəfi hazırda Hörmüz boğazının bağlandığını bildirir.
