Bakı. Trend:
Sosial media istifadəsini azaltmaq üçün ən effektiv üsul ondan tamamilə imtina etmək deyil. Çünki bu gün sosial media artıq həyatımızın bir hissəsidir. Əsas məsələ ondan düzgün və sağlam şəkildə istifadə etməyi öyrənməkdir.
Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında
keçirilən canlı yayım zamanı nazirliyin 2 nömrəli Klinik
Psixiatriya Xəstəxanasının baş həkimi Leyla Bəşirova açıqlayıb.
Onun sözlərinə görə, ilk növbədə insan özünə sual verməlidir: “Mən
telefona həqiqətən ehtiyac olduğu üçün baxıram, yoxsa sadəcə
vərdişdən?”
“Məsələn, lazımsız bildirişləri söndürmək, yemək zamanı və ailə ilə
söhbət edərkən telefonu kənara qoymaq, yatmazdan əvvəl sosial
şəbəkələrdən istifadə etməmək sadə, amma effektiv addımlardır.
Lakin bir məqam xüsusilə vacibdir: telefonu əlimizdən almaq kifayət
deyil. Onun yerini nə ilə dolduracağımızı da bilməliyik.
Canlı ünsiyyət, idman, hobbi, kitab oxumaq, açıq havada vaxt
keçirmək insanın diqqətini və emosional enerjisini yenidən real
həyata yönəltməyə kömək edir”.
Baş həkim bildirib ki, insan sosial media istifadəsini azaltmaq
istədiyi halda bunu dəfələrlə bacarmırsa, gecələr yatmırsa, sosial
media onun işinə, təhsilinə və münasibətlərinə mənfi təsir
göstərirsə, bu vəziyyəti sadəcə “telefonu çox sevir” kimi
qiymətləndirmək düzgün deyil:
“Belə halda mütəxəssis dəstəyinə ehtiyac yarana bilər. Burada
məqsəd texnologiyadan qaçmaq deyil, texnologiyanın həyatımızı idarə
etməsinə imkan verməməkdir”.
