Bakı. Trend:
Şimali Koreya lideri Kim Çen Inın nüfuzlu bacısı Kim Yo Conq qardaşı ilə Donald Trump arasında son dövrdə baş verdiyi ehtimal olunan əlaqələrdən xəbərdar olmadığını bildirib.
Bu açıqlama ABŞ prezidentinin Şimali Koreya lideri ilə əlaqədə olduğunu elan etməsindən sonra səsləndirilib.
Kim Yo Conq çərşənbə günü yayılan bəyanatında deyib: "Şimali Koreya və ABŞ liderləri arasında əlaqələrə dair Vaşinqtondan yayılan son məlumatlarla bağlı mənim bundan ümumiyyətlə xəbərim yoxdur. Görünür, bu, ölkəmizin ali rəhbərliyinin xarici siyasəti ilə bağlı mənim xəbərdar olmadığım yeganə məsələdir."
Kim Yo Conq həmçinin Donald Trampın ABŞ-nin Seulla birgə keçirdiyi hərbi təlimlərin müddətini qısaltmaq qərarının "şərhə layiq olmadığını" bildirib.
"ABŞ prezidenti tərəfindən elan edilən, ABŞ və Cənubi Koreyanın keçirdiyi birgə hərbi təlimlərin miqyasının azaldılması ilə bağlı qərarın şərhə layiq olduğunu düşünmürük və bunu tamamilə maraqsız hesab edirik", — Kim Yo Conq deyib.
