Bakı. Trend:
Avqustun 19-da Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Samir Şərifov Özbəkistanda səfərdə olub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində nazir müavini Özbəkistan
Respublikasının xarici işlər naziri Baxtiyor Saidov tərəfindən
qəbul edilib.
Görüş zamanı, iki dövlət arasında strateji müttəfiqlikdən irəli
gələn məsələlər müzakirə olunub. Azərbaycan və Özbəkistan arasında
qardaşlıq və dostluq münasibətlərinə söykənən müttəfiqliyin
inkişafında iki ölkənin liderlərinin intensiv təmaslarının
əhəmiyyəti xüsusilə vurğulanıb.
Daha sonra, Azərbaycan Respublikası və Özbəkistan Respublikasının
Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin
növbəti raundu keçirilib.
Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Samir
Şərifov, Özbəkistan tərəfindən isə xarici işlər nazirinin müavini
Bobur Usmanov rəhbərlik edib.
Məsləhətləşmələr zamanı ikitərəfli siyasi dialoqun müsbət
dinamikası vurğulanıb, həmçinin, Hökumətlərarası Komissiyanın və
siyasi məsləhətləşmələr mexanizminin vacib rolu qeyd edilib.
Eyni zamanda, əldə olunmuş razılaşmaların icra vəziyyəti, habelə
ticarət - iqtisadi, energetika, nəqliyyat və logistika, humanitar
və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın
genişləndirilməsi perspektivləri müzakirə edilib.
Bununla yanaşı, regional və beynəlxalq təşkilatlar, o cümlədən
Birləşmiş Millətlər Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Qoşulmama
Hərəkatı və digər çoxtərəfli platformalar çərçivəsində sıx
qarşılıqlı fəaliyyət məsələləri nəzərdən keçirilib.
Məsləhətləşmələr çərçivəsində həmçinin qarşılıqlı maraq kəsb edən
digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi
aparılıb.
