Donald Tramp Haydi Overtonu ABŞ Dərman Agentliyinin rəhbəri təyin edib

Dünya xəbərləri Materials 20 Avqust 2026 07:27 (UTC +04:00)
Donald Tramp Haydi Overtonu ABŞ Dərman Agentliyinin rəhbəri təyin edib
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Ağ Evin daxili siyasət məsələləri üzrə müşaviri Haydi Overtonu ABŞ Dərman və Qida Administrasiyasının (FDA) rəhbəri vəzifəsinə təyin edib. Bu qərar onun sələfi Marti Makarinin istefasından bir neçə ay sonra qəbul olunub.

Bu barədə ABŞ prezidenti Trush Social platformasında paylaşım edib.

O bildirib ki, Overton xüsusilə "America First" siyasətini müdafiə etməyi hədəfləyir.

Əgər onun namizədliyi Senat tərəfindən təsdiqlənsə, Haydi Overton son dövrdə ciddi dəyişikliklərə məruz qalmış FDA-ya rəhbərlik edəcək. Ötən il ərzində agentliyi 3 mindən çox əməkdaş, o cümlədən bir sıra şöbə rəhbərləri tərk edib. Yeni direktorun qarşısında həmçinin tənzimləyici qurumun siyasiləşdirilməsi ilə bağlı artan tənqidlər fonunda sənaye nümayəndələri və ictimai səhiyyə sektorunun etimadını bərpa etmək vəzifəsi dayanır.

İxtisasca həkim olan Haydi Overton hazırda Ağ Evin Daxili Siyasət Şurası direktorunun müavini vəzifəsində çalışır. Daha əvvəl o, konservativ "America First Policy İnstitute" analitik mərkəzində fəaliyyət göstərib. Nyu-Meksiko Universitetində tibb təhsili aldıqdan sonra "Johns Hopkins Universiteti"ndə ümumi cərrahiyyə üzrə hazırlıq keçib, daha sonra isə "Johns Hopkins Bloomberg" İctimai Səhiyyə Məktəbində klinik tədqiqatlar üzrə ixtisaslaşıb.

Overton Tramp administrasiyasının FDA rəhbərliyi üçün nəzərdən keçirdiyi üç namizəddən biri olub. Digər namizədlər onkoloq Cefri Vasirka və Pentaqonun səhiyyə rəhbəri Stiven Ferrara idi.

May ayından etibarən agentliyə müvəqqəti olaraq Kayl Diamantas rəhbərlik edir. Marti Makari cəmi 13 ay vəzifədə qaldıqdan sonra postunu tərk etmişdi. Onun fəaliyyəti dövründə Ağ Evin yüksək vəzifəli rəsmiləri və səhiyyə üzrə müşavirlərlə fikir ayrılıqları yaranmış, eyni zamanda bir sıra mübahisəli qərarlara görə tənqid olunmuşdu.

Makari xüsusilə aromatlaşdırılmış elektron siqaretlərin ABŞ bazarına qaytarılması, abort həbi ilə bağlı dayandırılmış araşdırmalar və "Replimune", "Sarepta" və "Moderna" şirkətləri ilə həyati əhəmiyyət daşıya biləcək dərman və vaksinlərin qiymətləndirilməsi məsələlərində açıq fikir ayrılıqlarına görə tənqid edilmişdi.

Xəbər lenti

Xəbər lenti