Bakı. Trend:
ABŞ və Kanadanın ilkin ticarət razılaşmasına nail olması Meksika üçün gözlənilməz olub. Meksika Vaşinqtondan oxşar tarif şərtlərinin tətbiqini istəyir.
Bu barədə Bloomberg agentliyi mənbələrə istinadən məlumat verib.
Məlumata görə, Ottava və Vaşinqton Kanada poladı və alüminiumuna tətbiq olunan idxal rüsumlarının 25 faizə endirilməsi ilə bağlı ilkin razılığa gəlib. Kanadadan idxal olunan avtomobillərə tətbiq edilən rüsumların isə 15 faizə qədər azaldılması mümkündür. Agentlik qeyd edir ki, Meksika nümayəndələri də Donald Tramp administrasiyası ilə aparılan ticarət danışıqlarında oxşar tələblər irəli sürüblər.
Bildirilib ki, ABŞ və Kanadanın gözlənilmədən razılaşmaya hazır olması Meksikaya təzyiqi artırır. Belə ki, Meksikanın danışıqlar qrupu artıq bir neçə aydır ABŞ-la razılıq əldə etməyə çalışır.
Agentlik xatırladır ki, Kanadanın daha sərt və qarşıdurmaya meylli mövqe tutan baş naziri Mark Karnidən fərqli olaraq, Meksika prezidenti Klaudiya Şeynbaum münasibətləri gərginləşdirməkdən çəkinib, Vaşinqtonla əlaqə kanallarını açıq saxlayıb və danışıqlar yolu ilə Meksika məhsullarını ABŞ tariflərindən kənarda saxlamağa çalışıb.
Bloomberg-in məlumatına görə, maydan iyuladək ABŞ və Meksika arasında üç raund ikitərəfli ticarət danışıqları keçirilib. Meksikalı rəsmilər agentliyə bildiriblər ki, danışıqlar prosesi və Meksikanın ticarətlə bağlı olmayan məsələlərdə, o cümlədən təhlükəsizlik sahəsində ABŞ-la əməkdaşlığı gücləndirməyə hazır olması Meksikanın Kanada ilə müqayisədə daha uğurlu nəticələr əldə etdiyi təəssüratını yaradırdı. Lakin Kanadanın əldə etdiyi son razılaşmadan sonra bu qiymətləndirmə sual altına düşüb.
Ötən gün Donald Tramp ABŞ və Kanadanın ticarət sazişini razılaşdırdıqlarını açıqlayıb. Avqustun 18-də isə ABŞ prezidenti Kanada məhsullarına 50 faizlik gömrük rüsumlarının tətbiqini üç gün müddətinə dayandırdığını elan etmişdi.
