Bakı. Trend:
Mərkəzi Afrika Respublikasının qərbində, Kamerunla sərhəddə yerləşən kustar üsulla işlədilən qızıl mədənində torpaq sürüşməsi nəticəsində azı 100 nəfər həlak olub.
Bu barədə avqustun 19-da AFP xəbər agentliyi yerli mənbələrə istinadən məlumat yayıb.
Bir neçə yerli mənbə bildirib ki, hadisə çərşənbə axşamı yerli vaxtla saat 14:00 radələrində Mərkəzi Afrika Respublikasının Babua şəhərindən təxminən 50 kilometr məsafədə yerləşən Zamboye kustar qızıl mədənində baş verib. Hadisə nəticəsində təxminən 100 nəfərin öldüyü və çoxlu sayda insanın yaralandığı bildirilir.
Sağ qalanlar Babua xəstəxanasına aparılıb, axtarış-xilasetmə işləri isə çərşənbə günü də davam edib. Babua prokurorluğu araşdırmanın başlanıldığını və uçqunun “mədənçilərin işlədiyi bir neçə yeraltı şaxtanın çökməsi” nəticəsində baş verdiyini açıqlayıb.
Qeyd edək ki, torpaqları faydalı qazıntılar baxımından olduqca zəngin olan Mərkəzi Afrika Respublikasında dövlət nəzarətindən kənarda, qanunsuz şəkildə istismar edilən mədənlərdə tez-tez torpaq sürüşmələri baş verir.