Bakı. Trend:
Azərbaycan jurnalistləri Özbəkistana təşkil olunan mətbuat turu çərçivəsində avqustun 20-də Səmərqənd yaxınlığında yerləşən İmam əl-Buxari turizm kompleksində olublar.
Mətbuat turunda Azərbaycanın aparıcı media qurumlarının 20 nümayəndəsi iştirak edir. İştirakçılar arasında Trend Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoru Emin Əliyev də yer alır.
Mətbuat turunun iştirakçıları görkəmli islam alimi və hədis elminin ən tanınmış tədqiqatçılarından biri olan İmam Məhəmməd ibn İsmayıl əl-Buxarinin (810–870-ci illər) elmi irsinin öyrənilməsi və təbliği məqsədilə yaradılmış müasir komplekslə tanış olublar.
Jurnalistlərin xüsusi diqqəti zəvvarların və xarici turistlərin qəbulu üçün yaradılmış kompleksin memarlıq xüsusiyyətlərinə və müasir infrastrukturuna yönəlib. Burada 10 minədək insanın ibadət edə biləcəyi məscid, hündürlüyü 75 metr olan dörd minarə, eləcə də doqquz pavilyondan ibarət muzey kompleksi inşa edilib.
Tanışlıq zamanı Azərbaycan mediasının nümayəndələrinə İmam əl-Buxarinin həyatı və elmi fəaliyyəti, onun islam elminə verdiyi töhfələr, eləcə də sünni islam ənənəsində ən mötəbər hədis toplularından biri hesab olunan “Səhih əl-Buxari” əsərinin əhəmiyyəti barədə məlumat verilib.
Qeyd olunub ki, genişmiqyaslı yenidənqurmadan sonra kompleks böyük mənəvi-maarifləndirici və turizm mərkəzinə çevrilib. Burada yalnız ziyarət üçün deyil, həm də İslam mədəni və elmi irsinin öyrənilməsi üçün geniş imkanlar yaradılıb.
Layihə çərçivəsində mehmanxanalar, ailəvi qonaq evləri, xidmət zonaları və avtomobil dayanacaqları da inşa edilib. Kompleksin gündəlik qəbul imkanları 65 min ziyarətçiyə qədər artırılıb.
İmam əl-Buxari kompleksinə səfər Azərbaycan mediası nümayəndələrinin Özbəkistanın tarixi, mədəni, turizm və müasir inkişaf potensialı ilə tanış olması məqsədilə təşkil edilən mətbuat turunun dayanacaqlarından biri olub.