Bakı. Trend:
"Ermənistan və Azərbaycan arasındakı anklavlar məsələsi elə həll olunmalıdır ki, həm uzunmüddətli sülh şəraitində birgəyaşayış təmin edilsin, həm də sərhədyanı ərazilərin sakinləri üçün əlavə çətinliklər yaranmasın".
Ermənistan KİV-i yaydığı məlumata görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra keçirilən brifinqdə çıxışı zamanı bildirib.
Hökumət rəhbərinin sözlərinə görə, İrəvanla Bakı arasında razılaşdırılmış delimitasiya prinsipinə əsasən, Kərki, Barxudarlı və Yuxarı Əskipara isə Ermənistana aid deyil.
Paşinyan xatırladıb ki, Azərbaycan və Ermənistan delimitasiya prosesini 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında həyata keçirmək barədə razılığa gəliblər. Bu sənədə əsasən, SSRİ-nin dağılması dövründə mövcud olmuş keçmiş müttəfiq respublikaların inzibati sərhədləri dövlətlərarası sərhədlər kimi qəbul olunur.
Müvafiq xəritələrə istinad edilərək, Tavuş vilayətinin Kirants kəndi istiqamətində Azərbaycan-Ermənistan sərhədinin bir hissəsinin delimitasiyası artıq baş tutub.
Baş nazir qeyd edib ki, gələcək proseslərin də məhz bu baza əsasında davam etdirilməsi ilə bağlı ümumi anlayış mövcuddur.
