Bakı. Trend:
Belçikanın Mərkəzi Afrikadakı müstəmləkə siyasəti bu gün də öz təsirini göstərən dərin nəticələrə səbəb olub. Buna görə də tarixi ədalətsizliyin tanınması daha ədalətli gələcəyin qurulması üçün vacib şərtdir.
Trend-in müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycan Milli Məclisinin deputatı Tural Gəncəliyev Bakıda keçirilən “Belçika müstəmləkəçiliyinin 101 ili ədalətsizlik və reparasiyalar uğrunda mübarizə” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bildirib.
“Keçmişin tanınması daha ədalətli gələcəyin qurulması üçün zəruri şərtdir”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, Mərkəzi Afrikada – Konqo, Ruanda və Burundidə – bir əsrdən artıq davam edən Belçika müstəmləkə hakimiyyəti sistemli iqtisadi istismar, kütləvi zorakılıq, yerli cəmiyyətlərin və institutların dağıdılması da daxil olmaqla dərin izlər buraxıb.
“Bu faktlar fikir məsələsi deyil. Bu, çoxsaylı tədqiqatçılar, hüquqşünaslar və beynəlxalq institutlar tərəfindən sənədləşdirilmiş və tanınmış tarixdir”, – deyə deputat vurğulayıb.
Gəncəliyev bildirib ki, bu gün əsas məsələ tarixi ədalətsizliyin mövcud olub-olmaması deyil, beynəlxalq ictimaiyyətin, maraqlı dövlətlərin və Belçikanın bu hadisələrin tam tanınması və konkret reparasiya tədbirlərinin həyata keçirilməsi istiqamətində necə irəliləyə biləcəyidir.
“Söhbət zərərin ödənilməsinin restitusiya, kompensasiya və təkrar baş verməməyə dair təminatlar kimi formalarından gedir”, – deyə o bildirib.
Deputat qeyd edib ki, konfrans Konqo Demokratik Respublikası, Ruanda, Burundi, Mərakeş və Cənubi Afrikadan olan nümayəndələri, eləcə də tarixi ədalətin bərpası ilə bağlı ümumi tələblə çıxış edən müxtəlif Afrika baxışlarını bir araya gətirib.
O, həmçinin Belçikanın müstəmləkəçilik dövrünün tarixi və hüquqi qiymətləndirilməsinin aparılmasının, eləcə də reparasiyalara gətirib çıxara biləcək konkret hüquqi mexanizmlərin müzakirəsinin vacibliyini vurğulayıb.
