AİB "Azərbaycan Dəmir Yolları"nın rəqəmsal transformasiyası üzrə tender elan edib

Tender müsabiqələri Materials 21 Avqust 2026 13:18 (UTC +04:00)
AİB "Azərbaycan Dəmir Yolları"nın rəqəmsal transformasiyası üzrə tender elan edib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) "Azərbaycan Dəmir Yollarının rəqəmsal transformasiyası” layihəsi çərçivəsində insan resurslarının idarə edilməsi sisteminin modernləşdirilməsi üzrə tender elan edib.

AİB-in tender elanına əsasən, IT-09 – HR (SAP SuccessFactors – SaaS) adlı satınalma üzrə təkliflərin təqdim edilməsi üçün son tarix 2 oktyabr 2026-cı il, saat 15:00 (Bakı vaxtı) müəyyən edilib.

Layihənin maliyyələşdirilməsi AİB tərəfindən Azərbaycan hökumətinə ayrılmış kredit hesabına həyata keçirilir. Tender Azərbaycan Dəmir Yolları QSC (ADY) tərəfindən keçirilir və AİB-in uyğun ölkələrindən olan şirkətlərin iştirakına açıqdır.

Tender çərçivəsində ADY-nin insan resurslarının idarə edilməsi proseslərinin yenilənməsi və vahid bulud əsaslı SAP SuccessFactors həllinin tətbiqi nəzərdə tutulur. Sistem insan resurslarının idarə edilməsində standartlaşdırılmış, şəffaf və səmərəli proseslərin formalaşdırılmasına, həmçinin ADY-nin korporativ sistemlərinin rəqəmsal transformasiyasına və əməliyyat səmərəliliyinin artırılmasına xidmət edəcək.

Satınalma çərçivəsində SAP SuccessFactors Employee Central üzrə 1 800, Performance & Goals üzrə 1 650, Career Development Planning üzrə 1 650 və Learning Management System üzrə 1 650 ədəd 36 aylıq proqram təminatı abunəliyinin əldə edilməsi planlaşdırılır.

Bundan əlavə, qalib şirkət sistemin dizaynı, konfiqurasiyası, inteqrasiyası, məlumatların miqrasiyası, sınaqdan keçirilməsi, əməkdaşların təlimi, tətbiqi, biliklərin ötürülməsi və sistem istifadəyə verildikdən sonra texniki dəstək xidmətlərini həyata keçirəcək.

Xidmətlərin icra müddəti ayrı-ayrı komponentlər üzrə 6 aydan 18 aya qədər müəyyən edilib.

Tender bir mərhələli, iki zərfli prosedur əsasında beynəlxalq açıq rəqabətli satınalma formasında keçiriləcək. Təkliflərin qiymətləndirilməsində 75% texniki, 25% maliyyə meyarı tətbiq olunacaq. Yerli şirkətlərə üstünlük verilməsi nəzərdə tutulmur.

Tenderdə iştirak etmək istəyən şirkətlər son üç il üzrə auditdən keçmiş maliyyə hesabatlarını təqdim etməli və son il üçün müsbət xalis aktivlərə malik olmalıdırlar. İştirakçıların son üç il üzrə orta illik dövriyyəsi ən azı 1,6 milyon ABŞ dolları olmalıdır.

Bundan başqa, şirkətlər son iki il ərzində əsas təchizatçı qismində ümumi dəyəri ən azı 750 min ABŞ dolları olan və tender predmetinə oxşar xarakter və mürəkkəbliyə malik ən azı iki müqaviləni uğurla başa çatdırdıqlarını göstərməlidirlər.

Tender sənədlərini əldə etmək üçün maraqlı şirkətlər ADY-nin Satınalma üzrə Layihənin İcra Qrupuna yazılı müraciət etməli və 100 ABŞ dolları və ya 170 manat məbləğində geri qaytarılmayan haqq ödəməlidirlər.

Təkliflər Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 230, 1-ci mərtəbə, 163-cü otaq, Azərbaycan Dəmir Yollarının baş ofisinə təqdim edilməlidir.

AİB-in məlumatına görə, tender “Azərbaycan Dəmir Yollarının Rəqəmsal Transformasiyası” layihəsi çərçivəsində ADY-nin korporativ sistemlərinin modernləşdirilməsi, əməliyyat səmərəliliyinin yüksəldilməsi və insan kapitalının idarə edilməsinin gücləndirilməsi məqsədilə həyata keçirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti