Bakı. Trend:
Ali təhsil müəssisələrinə ixtisas seçimi artıq başa çatıb. Bununla belə, qəbul balı ali məktəblərdə mövcud ixtisaslara uyğun gəlməyən bir sıra abituriyentlər seçim mərhələsində iştirak edə bilməyib. Halbuki belə abituriyentlər üçün orta ixtisas və peşə təhsili müəssisələri alternativ imkanlar yaradır.
Təəssüf ki, Azərbaycanda bir çox hallarda həm abituriyentlər, həm
də valideynlər əsas seçim kimi ali təhsilə üstünlük verirlər.
Halbuki orta ixtisas və peşə təhsili də gənclərə konkret ixtisas
əldə etmək və sonradan həmin sahə üzrə əmək fəaliyyətinə başlamaq
imkanı verir.
Mövzu ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Afət
Həsənova Trend-ə
bildirib ki, cəmiyyətdə peşə təhsilinə münasibətin dəyişdirilməsi
və bu istiqamətə diqqətin artırılması vacibdir.
Deputatın sözlərinə görə, Azərbaycanda valideynlərin əksəriyyəti
övladlarını ilk növbədə ali təhsil almağa yönəldir: “Bəzi hallarda
isə gəncin bilik səviyyəsi, potensialı və fərdi imkanlarından çox,
diplom sahibi olması əsas meyar kimi qəbul edilir”.
A.Həsənova hesab edir ki, valideynlər övladlarının gələcəkdə hansı
sahədə uğur qazana biləcəyini daha düzgün qiymətləndirməlidirlər.
Onun fikrincə, əsas məqsəd yalnız ali təhsil diplomu əldə etmək
deyil, həm də gəncin əmək bazarında özünə uyğun yer tapa
bilməsidir:
“Bu gün Azərbaycanda peşə təhsilinin inkişafı olduqca vacibdir.
Peşə təhsili müasir dövrün çağırışlarından biridir. Çünki ölkədə
bir sıra yeni ixtisaslara böyük ehtiyac yaranıb. İqtisadiyyatın
müxtəlif istiqamətlərində, xüsusilə xidmət və ictimai iaşə
sahələrində peşə təhsilli mütəxəssislərə tələbat yüksəkdir”.
A.Həsənova qeyd edib ki, son illərdə ölkənin iqtisadi inkişafı
müxtəlif sahələrdə ixtisaslı kadrlara olan ehtiyacı daha da
artırıb: “Lakin əmək bazarında vakansiyaların mövcudluğuna
baxmayaraq, bəzi insanlar müvafiq peşə və bacarıqlara malik
olmadıqları üçün həmin işlərdə çalışa bilmirlər”.
Deputatın sözlərinə görə, bu vəziyyət həm müəssisələrin ehtiyac
duyduğu kadrları tapa bilməməsinə, həm də insanların işsiz
qalmasına səbəb olur.
A.Həsənova peşə təhsilinə marağın artırılması üçün cəmiyyətdə geniş
maarifləndirmə işlərinin aparılmasının vacib olduğunu
vurğulayıb.
