Bakı. Trend:
Samux rayonunda heyvandarlıq təsərrüfatlarından birində qarayara xəstəliyinin aşkarlanması ilə əlaqədar zəruri baytarlıq-sanitariya və profilaktik tədbirlər həyata keçirilib.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nazirlik yanında Aqrar Xidmətlər Agentliyinin baytarlıq mütəxəssisləri əraziyə cəlb olunub və təsərrüfatda epizootoloji araşdırma aparılıb. Heyvanlar kliniki müayinədən keçirilib.
Xəstəliyin yayılma riskinin qarşısının alınması məqsədilə təsərrüfatın girişində dezobaryer qurulub, giriş-çıxış və heyvanların kənar şəxslərlə təması məhdudlaşdırılıb. Xəstəliyə şübhəli heyvanlar təcrid edilərək müvafiq müalicəyə cəlb olunub. Aidiyyəti dövlət qurumları ilə birgə təsərrüfata gedən yolda və rayon ərazisində dezinfeksiya işləri aparılıb.
Mümkün risklərin qarşısının alınması üçün xəstəlik hadisəsinin qeydə alındığı əraziyə yaxın yaşayış məntəqəsində də epizootoloji vəziyyət qiymətləndirilib. İri və xırdabuynuzlu heyvanlar kliniki müayinədən keçirilib, seçmə üsulla termometriya aparılıb. Eyni zamanda, ərazidə heyvanların qarayara xəstəliyinə qarşı peyvəndlənməsi təşkil edilib.
Hazırda xəstəliyin qeydə alındığı təsərrüfatda saxlanılan digər heyvanlar baytarlıq mütəxəssislərinin gündəlik müşahidəsi altındadır. Onların temperaturu ölçülür, yemlənməsinə və ümumi kliniki vəziyyətinə nəzarət edilir. Heyvanların ümumi vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Nazirlik qeyd edib ki, qarayara torpaq mənşəli infeksiyadır və xəstəliyin törədicisinin sporları ətraf mühitdə uzun müddət qala bilər. Heyvanlar əsasən çirklənmiş torpaq, yem və su vasitəsilə, həmçinin zədələnmiş dəri və selikli qişalardan yoluxa bilər.
Məlumata görə, hazırda Samux rayonu ərazisində epizootik vəziyyət sabitdir. Xəstəliyin qeydə alındığı təsərrüfatda və yaxın ərazilərdə heyvanların sağlamlıq vəziyyəti Aqrar Xidmətlər Agentliyi tərəfindən mütəmadi nəzarətdə saxlanılır.
