Bakı. Trend:
İsveçin mərkəzində yerləşən Fagersta şəhərində qılıncla silahlanmış şəxsin liseyə daxil olaraq hücum etməsi nəticəsində azı bir nəfər ölüb, üç nəfər yaralanıb.
Hücum edən şəxs polis tərəfindən qısa müddətdə saxlanılıb.
"Əldə etdiyimiz məlumata görə, üç nəfər yaralanıb, bir nəfər isə həyatını itirib", – deyə yerli polis rəisi Tommi Alrikson Fagersta bələdiyyəsi ilə birlikdə keçirdiyi mətbuat konfransında bildirib.
Yaralananlardan ikisi 12–17 yaşlı oğlanlardır və onlardan biri təcili əməliyyat olunmalıdır. Üçüncü yaralının xəsarətlərinin ağırlıq dərəcəsi isə hələ müəyyən edilməyib.
"Qılıncla silahlanmış şəxs Brinell məktəbinə daxil olaraq bir neçə nəfəri yaralayıb", – deyə Fagersta bələdiyyəsi yaxınlar üçün böhran mərkəzinin yaradıldığını bildirib.
Aftonbladet nəşrinin məlumatına görə, hücum edən şəxs məktəbin 18 yaşlı keçmiş şagirdidir. O, maçete ilə silahlanıb və polis atəşi nəticəsində ayağından yaralanıb. Hücumun motivi hələlik məlum deyil.
Təxminən 12 min əhalisi olan şəhərə təcili tibbi yardım maşınları, polis avtomobilləri və polis helikopteri göndərilib.
Brinell liseyində 447 şagird təhsil alır.