Bakı. Trend:
Regionlararası əməkdaşlıq Özbəkistan və Azərbaycan arasında iqtisadi tərəfdaşlığın əsas hərəkətverici qüvvələrindən birinə çevrilməlidir.
Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan IV Regionlararası Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, son 10 ildə iki ölkə arasında əmtəə dövriyyəsi 26 dəfə artıb. Birinci yarım ilin yekunlarına görə, qarşılıqlı ticarətin həcmi daha 30 faiz artıb.
Kudratov qeyd edib ki, hazırda Özbəkistanda Azərbaycan kapitalının iştirakı ilə, demək olar ki, 260 müəssisə, Azərbaycanda isə Özbəkistan kapitalının iştirakı ilə 130-dan çox müəssisə fəaliyyət göstərir.
Nazirin sözlərinə görə, ümumi məbləği təxminən 10 milyard dollar olan investisiya layihələri və ticarət müqavilələri portfeli formalaşdırılıb.
“Əziz dostlar, məhz əməkdaşlığın regionlararası vektoru, regionlarımızın birbaşa qarşılıqlı fəaliyyəti, iqtisadi tərəfdaşlığın əsas hərəkətverici qüvvələrindən birinə çevrilməlidir. Məhz regionlarda müəssisələr, investisiya meydançaları, əmək resursları və yeni layihələr üçün imkanlar cəmləşib”, – deyə Kudratov bildirib.
