Vaşinqtonda beynəlxalq akademik əməkdaşlığa həsr olunan konfrans keçirilib (FOTO)

Siyasət Materials 21 Avqust 2026 20:40 (UTC +04:00)
Vaşinqtonda beynəlxalq akademik əməkdaşlığa həsr olunan konfrans keçirilib (FOTO)

Bakı. Trend:

ABŞ-nin paytaxtında yerləşən dünyaca məşhur Corc Vaşinqton Universitetində (GW) “Bilikləri sərhədlərdən kənarda birləşdirmək: tədqiqat və beynəlxalq akademik əməkdaşlıq” mövzusunda konfrans keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, ABŞ-Azərbaycan Akademiklər Şəbəkəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan və ABŞ arasında elmi, akademik və institusional əməkdaşlığın inkişaf perspektivləri geniş müzakirə olunub.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu ölkəyə səfəri çərçivəsində konfransda iştirak və çıxış edib. Sədr çıxışında bildirib ki: “Müasir dövrdə akademik dairələr ölkələr arasında əlaqələrin möhkəmləndirilməsində, bilik və təcrübə mübadiləsinin genişləndirilməsində, eləcə də dövlətlər və xalqlar haqqında obyektiv və etibarlı məlumatların beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır”. Corc Vaşinqton Universitetinin Azərbaycan universitetləri ilə əməkdaşlığını yüksək qiymətləndirən komitə sədri Azərbaycan diasporunun fəaliyyətində akademik əməkdaşlığın və elmi əlaqələrin xüsusi əhəmiyyət daşıdığını, bu cür tərəfdaşlıqların gələcəkdə birgə elmi layihələrin, davamlı akademik proqramların həyata keçirilməsi üçün mühüm zəmin yaratdığını bildirib, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, nəticəyönümlü diaspor siyasətinin müxtəlif aspektlərinə diqqət çəkib.

Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafı üzrə Ali Məktəbinin qlobal təşəbbüslər üzrə dekan köməkçisi, professor Sevinc Məmmədova çıxışında ölkələrimiz arasındakı əlaqələrin akademik elmi dairələrdə müzakirəsini müsbət qiymətləndirib, konfransın təşkilinə göstərilən dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib.

Konfrans çərçivəsində akademik əməkdaşlığa həsr olunan panel müzakirəsi təşkil olunub. Müzakirədə ABŞ-nin müxtəlif universitetlərində akademik fəaliyyətlə məşğul olan azərbaycanlı və xarici alim və professorlar, tədqiqatçılar iştirak edib. Corc Vaşinqton Universitetinin Kommunikasiya direktoru Turan Vatersin moderatorluğu ilə keçirilən paneldə komitə sədri Fuad Muradov, GW Təhsil və İnsan İnkişafı Məzun Məktəbində Qlobal Təşəbbüslər üzrə dekan müavini Sevinc Məmmədova, GW Təhsil və İnsan İnkişafı Məzun Məktəbinin dekanı və Təhsil Tədqiqatları professoru Lionel Hovard, Corctaun və Amerikan universitetlərində İdman Menecmenti proqramlarının təsisçisi, SEME konfransının həmtəsisçisi və icraçı direktoru Matt Vinkler, Corc Meyson Universitetində Siyasi Elmlər üzrə doktorant-tədqiqatçı, Təhlükəsizlik Siyasəti Araşdırmaları Mərkəzinin baş redaktoru Əli Məmmədov, GW Mühəndislik və Tətbiqi Elmlər Məktəbində Elektrik Mühəndisliyi professoru və magistratura üzrə departament sədrinin müavini Can Korman çıxış ediblər. Çıxışlarda Azərbaycanla ABŞ arasında akademik və elmi əməkdaşlığın genişləndirilməsi, universitetlər arasında uzunmüddətli tərəfdaşlığın qurulması, birgə akademik tədqiqat proqramlarının inkişaf etdirilməsi, insan kapitalına investisiya qoyulması, bilik və təcrübə mübadiləsi məsələlərinə toxunulub, uzunmüddətli institusional tərəfdaşlıqların qurulması yolları nəzərdən keçirilib.

Müzakirələr zamanı ABŞ-dəki Azərbaycan icmasının akademik diplomatiyanın inkişafındakı rolu, soydaşlarımızın bilik, təcrübə və peşəkar əlaqələrinin Azərbaycan-ABŞ elmi əməkdaşlığının inkişafına verə biləcəyi töhfə barədə də fikir mübadiləsi aparılıb.

Panel müzakirəsi sual-cavab sessiyası ilə yekunlaşıb.

Qeyd edək ki, konfransda ABŞ-nin müxtəlif ştatlarında yaşayan azərbaycanlı alimlər iştirak edib. Tədbir Azərbaycan və ABŞ arasında akademik və elmi əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi, universitetlərarası əlaqələrin möhkəmləndirilməsi və beynəlxalq akademik şəbəkələrin genişləndirilməsi baxımından mühüm platforma kimi qiymətləndirilib.

Xəbər lenti

Xəbər lenti