Krivoy Roqda ticarət mərkəzinə zərbə nəticəsində azı 16 nəfər həlak olub (YENİLƏNİB)

Dünya xəbərləri Xəbər 22 Avqust 2026 06:10 (UTC +04:00)
Krivoy Roqda ticarət mərkəzinə zərbə nəticəsində azı 16 nəfər həlak olub (YENİLƏNİB)

Bakı. Trend:

Avqustun 21-də Ukraynanın mərkəzində yerləşən Krivoy Roq şəhərində ticarət mərkəzinə pilotsuz uçuş aparatları ilə endirilən zərbələr nəticəsində azı 16 nəfər ölüb, 130 nəfər yaralanıb. Avropa İttifaqı hücumu «planlaşdırılmış terror» adlandırıb.

Dronların ticarət mərkəzini hədəfə aldığı və içəridəki mağazalarda yanğınlara səbəb olduğu Krivoy Roqda xilasedicilər gecə saatlarında da zərərçəkənlərin axtarışını davam etdiriblər. Şəhərin yerləşdiyi Dnepropetrovsk vilayətinin qubernatoru Aleksandr Qanyaşın sözlərinə görə, son məlumata əsasən, 16 nəfər ölüb, xilasedicilər isə azı 130 yaralının olduğunu bildiriblər. Yaralananlar arasında 23 uşaq var. Qubernatorun sözlərinə görə, gecə saatlarında 63 nəfər xəstəxanada qalmaqda davam edib, onlardan 29-nun vəziyyəti ağırdır. O əlavə edib ki, 2-si uşaq olmaqla, 9 nəfər hələ də itkin düşmüş hesab olunur.

Ukrayna Prezidenti Volodimir Zelenski "X" sosial şəbəkəsində doğulduğu şəhər olan Krivoy Roqdakı "adi bir ticarət mərkəzinə qarşı mənfur zərbə"ni pisləyib və Moskvaya təzyiqin artırılması çağırışını təkrarlayıb. "Hücum dronları iki dalğa ilə zərbə endirib – ilk zərbədən və yanğının başlamasından yarım saat sonra xilasediciləri hədəf alan ikinci zərbə olub", – deyə o bildirib.

Ukrayna Baş Prokurorluğu binanın dağıdılmış və alov içində olan hissəsinin fotosunu paylaşıb. Şəhər hərbi administrasiyasının rəhbəri Aleksandr Vilkul bildirib ki, Krivoy Roqun "ən böyük ticarət kompleksi" zərbəyə məruz qalıb.

Daxili işlər naziri İvan Vıqivski cümə günü Nikolayev vilayətinə ayrıca hücum nəticəsində daha dörd nəfərin, o cümlədən üç azyaşlının həlak olduğunu bildirib. Hücum mağazada, aptekdə və poçt şöbəsində yanğına səbəb olub.

XXX

21 avqust, 22:57

Avqustun 21-də Rusiya qoşunları Krivoy Roqdakı ən böyük ticarət mərkəzinə dronlarla hücum ediblər. Hücum zamanı binanın içərisində çoxlu sayda mülki insan olub.

Bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat verib.

Rusiya ordusu Krivoy Roqdakı "Sonyaçna Qalereya” ticarət mərkəzinə iki dəfə dronlarla hücum edib.

Hava hücumu nəticəsində 14 nəfər həlak olub, daha 121 mülki şəxs yaralanıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti