Rusiyada əsassız həbs olunan Azərbaycan vətəndaşının anası: "Oğluma işgəncə verib dövlətimizə qarşı böhtan atmağa məcbur edirlər"

Siyasət Materials 21 Avqust 2026 20:57 (UTC +04:00)
Rusiyada əsassız həbs olunan Azərbaycan vətəndaşının anası: "Oğluma işgəncə verib dövlətimizə qarşı böhtan atmağa məcbur edirlər"
Elvin Əhməd
Elvin Əhməd
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Federasiyasında hüquq-mühafizə orqanları tərəfindən qanunsuz olaraq saxlanılan Azərbaycan vətəndaşı Rufullayev Yadulla Ramiz oğlunun anası Rufullayeva Aliyə Nəsir qızı oğlunun əsassız həbs edildiyini, Rusiyanın müstəntiqləri tərəfindən amansız işgəncələrə və psixoloji təzyiqlərə məruz qaldığını bildirib.

Bu barədə Rufullayeva Aliyə Nəsir qızı "Trend" İnformasiya Agentliyinə bildirib.

Onun sözlərinə görə, oğlu Y.Rufullayev yük avtomobili (tır) sürücüsü kimi fəaliyyət göstərib və 3 övladını dolandırmaq üçün çalışıb. Rusiya tərəfi ona qarşı Cinayət Məcəlləsinin 276.1-ci (casusluq) maddəsi ilə uydurma və heç bir sübuta söykənməyən ittiham irəli sürüb:

"Oğlumun idarə etdiyi nəqliyyat vasitəsi gömrük nəzarətindən tam təmiz keçib və Azərbaycana qayıtmaq üçün rəsmiləşdirilib. Lakin Rusiya hüquq-mühafizə orqanları onun rus dilini bilməməsindən istifadə edərək saxta sənədlərə məcburi qol çəkdiriblər. 1 il 1 aydır ki, qanunsuz həbsdə saxlanılır. Rusiya müstəntiqləri istintaq zamanı onun başına torba keçirib, ağzını skoçlayıb, işgəncə veriblər. Rusiya tərəfi onu Azərbaycan dövlətinə qarşı böhtan xarakterli ifadələr verməyə məcbur edir. Oğlum isə "20 il yataram, amma dövlətimə xəyanət etmərəm" deyərək Rusiya orqanlarının bu qanunsuz tələblərini rədd edib".

Ailə başçısının Y.Rufullayev olduğunu və ailənin ağır sosial durumda yaşadığını qeyd edən ana, Rusiya tərəfinin təyin etdiyi dövlət vəkillərinin də qərəzli və fəaliyyətsiz olduğunu vurğulayıb. Avqustun 31-də növbəti qanunsuz məhkəmə prosesinin keçiriləcəyi gözlənilir.

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyi, Azərbaycanın Rusiyadakı Səfirliyi, Ombudsman Aparatı və digər aidiyyəti dövlət qurumlarına rəsmi müraciətlər olunub.

Rufullayeva Aliyə Nəsir qızı oğlunun sırf Azərbaycan vətəndaşı olduğuna görə Rusiya tərəfindən bu cür özbaşınalıq və diskriminasiya ilə üzləşdiyini vurğulayaraq, onun hüquqlarının müdafiə olunması və azadlığa buraxılması üçün dövlət dəstəyi xahiş edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti