Bakı. Trend:
Ötən gün Tokio ətrafında baş verən 5,9 maqnitudalı zəlzələ nəticəsində 37 nəfər xəsarət alıb.
Bu barədə Yaponiyanın Yanğınsöndürmə və Fəlakətlərin İdarə Edilməsi Agentliyindən məlumat verilib.
Zəlzələ Yaponiya paytaxtında və ətraf ərazilərdə təkanlara səbəb olacaq qədər güclü olub. Bu, ölkənin xəbərdarlıq sistemlərini işə salıb, ictimaiyyətə xəbərdarlıq mesajları göndərilib və küçələrdə sirenlər səsləndirilib.
Yaponiya Meteorologiya Agentliyinin verdiyi məlumata görə, təkan yerli vaxtla təxminən saat 02:00-da paytaxta yaxın İbaraki prefekturasının cənub hissəsində baş verib. Agentliyin bildirdiyinə görə, zəlzələnin ocağı 68 kilometr dərinlikdə yerləşib və sunami təhlükəsi yaranmayıb. ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin maqnitudasını 5,8 olaraq qiymətləndirib.
Fəlakətlərin idarə edilməsi agentliyinin məlumat verdiyi 37 yaralı arasında Tokionun cənubunda yerləşən Yokohama şəhərindən 80 yaşlarında bir qadın da var. Məlumata görə, qadın yatağından qalxarkən yıxılıb və bud nahiyəsindən xəsarət alıb.
Tokionun şimalında yerləşən Saitama şəhərində bir binaya cüzi ziyan dəyib, lakin ilkin olaraq ciddi konstruktiv zərər barədə məlumat daxil olmayıb.
"East Japan Railway Company"nin məlumatına görə, gecə baş verən zəlzələ bazar günü səhər saatlarında Yaponiya paytaxtında regional qatarların hərəkətində fasilələrə səbəb olub.
Meteorologiya agentliyi bölgədə sürüşmə riskinin artması barədə xəbərdarlıq edib. Bildirilib ki, şənbə günü günortadan sonra leysan yağışların yağdığı bu ərazidə zəlzələ torpaqları zəiflətmiş ola bilər. Agentlik həmçinin qarşıdakı günlərdə güclü afterşokların baş verməsi riskinin olduğunu xəbərdar edib.
