MDB Missiyasının rəhbəri Qazaxıstanın gənclərin seçkilərə cəlb edilməsində qabaqcıl yanaşmasını qeyd edib

Siyasət Materials 23 Avqust 2026 18:10 (UTC +04:00)
MDB Missiyasının rəhbəri Qazaxıstanın gənclərin seçkilərə cəlb edilməsində qabaqcıl yanaşmasını qeyd edib
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Astana. Trend:

Qazaxıstanda gənclərin seçkilərdə iştirakının təşviqi üçün sosial şəbəkələrdən fəal şəkildə istifadə olunur.

Bu barədə MDB müşahidəçilər missiyasının rəhbəri İqor Petrişenko jurnalistlərə açıqlamasında bildirib. Bu barədə Trend-in Astanadakı xüsusi müxbiri məlumat verir.

Onun sözlərinə görə, gənclərlə ünsiyyət hər hansı ümumi toplantılar və ya mitinqlər vasitəsilə deyil, məhz gənclərin olduğu sosial şəbəkələr üzərindən qurulur.

“Yəni seçkilərdə potensial iştirak edən hədəf auditoriyaları ilə ünsiyyət üçün konkret kommunikasiya vasitələri seçilib. Burada məhz qəbul edilən və maksimum əhatə dairəsi yaradan qarşılıqlı fəaliyyət elementi tapılıb”, – deyə o bildirib.

Petrişenko həmçinin növbəli iş rejimində çalışan və fasiləsiz istehsal dövrünə malik müəssisələrdə işləyən vətəndaşlar üçün səsvermə imkanlarının yaradıldığını qeyd edib.

MDB Missiyasının rəhbəri seçici siyahıları ilə işləmək və onların məlumatlarını birbaşa seçki məntəqələrində yoxlamaq üçün rəqəmsal həllərdən istifadəyə də diqqət çəkib.

Onun sözlərinə görə, qabaqcıl texnologiyaların tətbiqi və vahid milli təşviqat standartının həyata keçirilməsi seçkilərin yüksək təşkilati hazırlığından xəbər verir.

Qeyd edək ki, bu gün Qazaxıstanda 1 iyul 2026-cı ildə qüvvəyə minmiş yeni Konstitusiyada nəzərdə tutulan ölkənin birpalatalı parlamenti – Kurultaya seçkilər keçirilib.

Kurultayın tərkibinə beş il müddətinə seçilən 145 deputat daxil olacaq. Seçkilər proporsional sistem üzrə keçirilir: deputatlar vahid ümummilli seçki dairəsində partiya siyahıları üzrə seçilirlər.

Qazaxıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçici siyahılarına 12 605 788 nəfər daxil edilib. Səsvermənin keçirilməsi üçün 10 423 seçki məntəqəsi hazırlanıb. Onlardan 79-u xaricdə 61 dövlətdə yerləşir.

Seçkilərdə yeddi siyasi partiya iştirak edir: “Әділет”, Ümumxalq Sosial-Demokrat Partiyası, Qazaxıstanın “Байтақ” Yaşıllar Partiyası, Qazaxıstan Xalq Partiyası, “Ауыл”, Qazaxıstanın “Ақ жол” Demokratik Partiyası və “Respublica”.

Səsvermənin gedişini beynəlxalq ekspertlər müşahidə edirlər. Ümumilikdə 42 dövlətdən 777 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Bundan əlavə, müşahidə missiyalarında 13 beynəlxalq təşkilatın nümayəndələri iştirak edir.

Kurultay Qazaxıstanın Məclis və Senatdan ibarət əvvəlki ikipalatalı Parlamentini əvəz edəcək.

Saat 16:00-a olan məlumata görə, Qazaxıstanda Kurultaya seçkilərdə seçici fəallığı 65,37 faiz təşkil edib.

Xəbər lenti

Xəbər lenti