Azərbaycan–Özbəkistan münasibətləri yeni mərhələyə qədəm qoyub – Soltan Məmmədov

Siyasət Materials 23 Avqust 2026 18:46 (UTC +04:00)
Azərbaycan–Özbəkistan münasibətləri yeni mərhələyə qədəm qoyub – Soltan Məmmədov

Bakı. Trend:

“Prezident İlham Əliyevin Özbəkistan Milli İnformasiya Agentliyinə verdiyi müsahibə iki qardaş ölkə arasında münasibətlərin hazırkı inkişaf səviyyəsini və gələcək perspektivlərini aydın şəkildə göstərir. Son illərdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib və yeni mərhələyə qədəm qoyub”. Bu fikirləri Milli Məclisin deputatı Soltan Məmmədov bildirib.

Deputat vurğulayıb ki, 23 avqust 2024-cü ildə Daşkənddə imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” əlaqələrin strateji xarakterini daha da möhkəmləndirib: “Bu sənəd iki ölkə arasında münasibətlərin daha da dərinləşməsi ilə yanaşı, Türk dünyasının birliyinin gücləndirilməsi və Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığının genişləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır”, – deyə S.Məmmədov bildirib.

Deputat iqtisadi-ticari əlaqələrin də sürətlə inkişaf etdiyini diqqətə çatdıraraq, qeyd edib ki, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki illərlə müqayisədə üç dəfədən çox artaraq 795 milyon ABŞ dollarına çatıb. Hökumətlərarası Komissiyanın fəaliyyəti, qarşılıqlı investisiyalar və birgə layihələr bu əməkdaşlığın inkişafına mühüm töhfə verir: “Füzuli rayonunda Özbəkistanla birgə 100 hektar ərazidə ‘Dostluq bağı’ adı ilə nar bağının salınması, həmçinin ‘Chevrolet’ və ‘Isuzu’ markalı avtomobillərin istehsalı sahəsində əməkdaşlıq iqtisadi əlaqələrimizin konkret nəticələridir. Azərbaycanda Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatının fəaliyyət göstərməsi də bu münasibətlərin geniş potensialını göstərir”, – deputat qeyd edib.

S.Məmmədov yaşıl enerji sahəsində əməkdaşlığın perspektivlərinə də toxunub. O bildirib ki, Azərbaycan, Qazaxıstan və Özbəkistan tərəfindən “Yaşıl Dəhliz Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsis edilməsi regional enerji əməkdaşlığının inkişafı baxımından mühüm addımdır: “Yaşıl enerji sahəsində əməkdaşlıq regionun enerji potensialının birləşdirilməsi və bərpa olunan enerjinin Avropaya ötürülməsi baxımından strateji əhəmiyyət daşıyır”, – deyə S.Məmmədov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti