Astana. Trend:
Qazaxıstan seçkiləri keçirməyi bacarır, bir çox ölkənin Qazaxıstandan öyrənəcəyi çox şey var.
Bu barədə jurnalistlərə MDB iştirakçısı dövlətlərin Parlamentlərarası Assambleyasının beynəlxalq müşahidəçisi Kazbek Taysayev bildirib. Məlumatı Trend-in Astanadakı xüsusi müxbiri çatdırır.
“Mən Qazaxıstanda seçkiləri ilk dəfə müşahidə etmirəm. Qazaxıstan seçkiləri keçirməyi bacarır. Bir çox ölkənin sizin Mərkəzi Seçki Komissiyanızdan, Qazaxıstandan seçkiləri necə təşkil etmək və keçirmək lazım olduğunu öyrənəcəyi çox şey var”, – deyə o bildirib.
Taysayev qeyd edib ki, müşahidəçilər səhər tezdən seçki məntəqəsinə gedərək onun açılışında iştirak ediblər.
“Bilirsiniz, məntəqədəki münasibət məni çox təsirləndirdi: məntəqə açılmamışdan əvvəl artıq 15–20 nəfər gəlmişdi və növbədə dayanmışdılar. Məntəqənin açılışı Qazaxıstan himninin səsləndirilməsi ilə başladı. Açığını desəm, insanların öz himnini hansı hörmət və sevgi ilə ifa etməsi məni heyran etdi. Həmçinin çoxlu gənc var idi. Səhər saat 7-də gənclərin qalxıb səsverməyə gəlməsi çox böyük əhəmiyyət daşıyır”, – deyə beynəlxalq müşahidəçi bildirib.
Onun sözlərinə görə, seçkilərdə gənclərin fəallığı onların ölkədə baş verən dəyişikliklərə maraq göstərdiyini nümayiş etdirir.
“Deməli, bu, sizin rəhbərliyinizin, prezidentinizin və bütün komandasının da xidmətidir, çünki hazırda ölkənizdə köklü dəyişikliklər gedir. Konstitusiya islahatları çox ciddi məsələdir, biz Rusiyada bu prosesdən keçmişik. Mənim üçün çox xoşdur ki, söhbət etdiyimiz gənclər Konstitusiyaya hansı dəyişikliklərin edildiyini və bunların nədən ibarət olduğunu bilirdilər. Onlar dəyişiklikləri, layiqli həyat şəraitini gözləyirlər, xalqla birlikdə dayanmağa və Konstitusiyada əksini tapmış yeni dəyişiklikləri irəli aparmağa hazırdırlar”, – deyə Taysayev qeyd edib.
O, həmçinin xatırladıb ki, beynəlxalq müşahidəçilər referendum keçirildiyi zaman da Qazaxıstana səfər ediblər.
“O zaman da müşahidəçilərin sayı çox idi, konstitusiya islahatlarına dəstək çox ciddi idi. İndi isə səsvermə davam edir, amma mənə elə gəlir ki, nəticələr layiqli olacaq. Bütün partiyalar məntəqələrdə təmsil olunub. Seçkilərdən əvvəl bütün partiyaların nümayəndələri, rəhbərləri ilə görüşmüşdük. MDB PA missiyası olaraq bizim belə imkanımız var idi. Sevindirici haldır ki, seçkiqabağı kampaniyanın gedişi ilə bağlı heç kimin heç bir iradı olmayıb”, – deyə o bildirib.
Taysayev vurğulayıb ki, partiya rəhbərlərinin fikrincə, seçkilərin bütün iştirakçıları öz mövqelərini seçicilərə təqdim etmək üçün bərabər imkanlara malik olublar.
“Hamının bərabər və əlçatan imkanları olub, ən azı görüşdüyümüz partiya rəhbərlərinin fikri belədir. Öz mövqeyini seçicilərə çatdırmaq imkanı olduqda bu, çox yaxşı haldır. Bu gün insanların seçki məntəqələrinə sakit və normal şəkildə gedərək səs verməsi, əlbəttə ki, böyük xidmətdir. Bir daha təkrar edirəm: Mərkəzi Seçki Komissiyasının belə böyük komanda – rəhbərlər, məntəqə komissiyalarının üzvləri, məntəqə komissiyalarının sədrlərini hazırlaması böyük zəhmətdir”, – deyə beynəlxalq müşahidəçi qeyd edib.
O əlavə edib ki, müşahidəçilər məntəqə komissiyalarının üzvləri və sədrləri ilə ətraflı söhbətlər aparıblar.
“Onlar bunu bacardılar. Biz suallar verdik, həm məntəqə komissiyalarının üzvləri, həm də sədrləri ilə uzun-uzadı söhbət etdik. İnsanları qəbul edərkən göstərdikləri səmimiyyət və qonaqpərvərlik diqqətimizi çəkdi. İnsanlar bunu hiss edirlər, sakit və normal şəkildə gəlirlər, hər kəs istədiyi partiyaya səs verir, heç kim heç kimə heç nəyi məcbur etmir. Mən sizin seçkilərinizi bəyəndim. Siz həqiqətən çox yaxşı iş görmüsünüz”, – deyə Taysayev bildirib.
Beynəlxalq müşahidəçinin sözlərinə görə, MDB missiyasının tərkibində seçkiləri müşahidə edən 60-dan çox şəxs iştirak edir.
“Yalnız bu gün müşahidədə 60-dan çox insan iştirak edir. Artıq həmkarlarım da bu barədə danışıblar ki, faktiki olaraq bütün məntəqələrdə bizim nümayəndələrimiz olacaqlar. Üstəlik, təkcə burada deyil, xaricdə də MDB missiyası fəaliyyət göstərir. Beləliklə, artıq deyə bilərik ki, hələlik, şükür Allaha, hər şey yaxşı gedir”, – deyə o bildirib.
