Astana. Trend:
Yeni siyasi arxitekturanın formalaşdırılmasına Qazaxıstanın sabitliyinin möhkəmləndirilməsi vasitəsi kimi baxmaq lazımdır.
Trend-in Astana şəhərində olan xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Qazaxıstanın xarici işlər nazirinin müavini Arman İsetov Qurultaya seçkilər ərəfəsində jurnalistlər üçün keçirilən brifinq zamanı deyib.
Onun sözlərinə görə, Qazaxıstanda islahatlara ölkədə və daha geniş regionda eyni vaxtda baş verən dəyişikliklər kontekstində baxmaq lazımdır.
“Bu gün beynəlxalq sistem getdikcə daha mürəkkəb və daha az proqnozlaşdırılan olur. Geosiyasi gərginlik artır, ticarət-iqtisadi əlaqələr dəyişir, investisiyalar, texnologiyalar və nəqliyyat marşrutları uğrunda rəqabət güclənir. Bu şəraitdə sabitlik Qazaxıstanın əsas prioritetlərindən biri olaraq qalır”, – deyə İsetov bildirib.
O vurğulayıb ki, sabitlik dəyişikliklərin olmaması demək deyil.
“Müasir dünyada bu, dövlətdən yeni şəraitə vaxtında uyğunlaşmağı tələb edir. Məhz buna görə konstitusiya islahatına və yeni siyasi arxitekturanın formalaşdırılmasına Qazaxıstanın sabitliyinin möhkəmləndirilməsi vasitəsi kimi baxmaq lazımdır”, – deyə o bildirib.
Qeyd edək ki, 1 iyul 2026-cı ildə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstanın birpalatalı parlamenti olan Qurultaya deputat seçkilərinin 23 avqust 2026-cı il tarixində keçirilməsi barədə sərəncam imzalayıb.
Əvvəllər ölkədə qanunverici hakimiyyəti Senatdan (yuxarı palata) və Məclisdən (aşağı palata) ibarət ikipalatalı Parlament həyata keçirib. 1 iyul 2026-cı ildə qüvvəyə minmiş yeni Konstitusiyaya uyğun olaraq, Qazaxıstanın parlament sistemi birpalatalı Qurultayı nəzərdə tutur.
Qurultayın tərkibinə ümumrespublika vahid seçki dairəsində ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli səsvermə yolu ilə partiya siyahıları üzrə beş il müddətinə seçilən 145 deputat daxil olacaq.
Seçkilərdə yeddi siyasi partiya iştirak edir: “Әділет”, Ümumxalq Sosial-Demokrat Partiyası, Qazaxıstan Yaşıllar Partiyası “Байтақ”, Qazaxıstan Xalq Partiyası, “Ауыл”, Qazaxıstan Demokratik Partiyası “Ақ жол” və “Respublica”.
