Astana. Trend:
Qazaxıstanda keçirilən seçkilərdə gənc seçicilərin sayı artır.
Bu barədə jurnalistlərə Kosşı şəhərinin 751 saylı məntəqə seçki komissiyasının sədri Musabek Dosmaqambetov bildirib. Məlumatı Trend-in Astanadakı xüsusi müxbiri çatdırır.
“Seçkilər fəal keçir. Bizim məntəqədə 1 361 nəfər qeydiyyatdadır. Heç bir pozuntu olmayıb”, – deyə məntəqə seçki komissiyasının sədri bildirib.
Onun sözlərinə görə, son illərdə Taytöbə qəsəbəsinin əhalisi də nəzərəçarpacaq dərəcədə artıb. Beş-altı il əvvəl burada təxminən 86 ev var idisə, hazırda onların sayı 1 200-ə çatıb.
“Müşahidəçilərin, xüsusilə də gənclər arasında müşahidəçilərin sayı da artıb”, – deyə Dosmaqambetov qeyd edib.
Qeyd edək ki, bu gün Qazaxıstanda 2026-cı il iyulun 1-də qüvvəyə minmiş yeni Konstitusiyada nəzərdə tutulan ölkənin birpalatalı parlamenti – Kurultaya seçkilər başlayıb.
Kurultayın tərkibinə beş il müddətinə seçilən 145 deputat daxil olacaq. Seçkilər proporsional sistem üzrə keçirilir: deputatlar vahid ümummilli seçki dairəsində partiya siyahıları üzrə seçilirlər.
Qazaxıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçici siyahılarına 12 605 788 nəfər daxil edilib. Səsvermənin keçirilməsi üçün 10 423 seçki məntəqəsi hazırlanıb, onlardan 79-u xaricdəki 61 dövlətdə yerləşir.
Seçkilərdə yeddi siyasi partiya iştirak edir: “Әdilet”, Ümummilli Sosial-Demokrat Partiyası, Qazaxıstan Yaşıllar Partiyası “Baytak”, Qazaxıstan Xalq Partiyası, “Auıl”, Qazaxıstan Demokratik Partiyası “Ak jol” və “Respublica”.
Səsvermənin gedişini beynəlxalq ekspertlər müşahidə edirlər. Ümumilikdə 42 dövlətdən 777 beynəlxalq müşahidəçi qeydiyyata alınıb. Bundan əlavə, müşahidə missiyalarında 13 beynəlxalq təşkilatın nümayəndələri iştirak edirlər.
Kurultay əvvəllər Məclis və Senatdan ibarət olmuş Qazaxıstanın ikipalatalı Parlamentini əvəz edəcək.
