Bakı. Trend:
Avstriya, Almaniya, İspaniya, Polşa və Portuqaliya neft qiymətlərinin ABŞ və İsrailin İrana qarşı müharibəsindən sonra kəskin bahalaşması nəticəsində əldə olunan yüksək gəlirlər fonunda neft şirkətlərinə xüsusi verginin tətbiqini təklif ediblər.
Bu barədə beş ölkənin iqtisadiyyat və maliyyə nazirlərinin Aİ Şurasına sədrlik edən İrlandiyanın maliyyə nazirinə ünvanladıqları məktubda bildirilib.
Nazirlər məsələni sentyabr ayında Dublində keçiriləcək Aİ maliyyə nazirlərinin iclasının gündəliyinə daxil etməyi təklif ediblər.
Məktubda qeyd olunur ki, neft şirkətləri qlobal miqyasda yüksək gəlirlilik nümayiş etdirir və xam neftin qiymət artımını üstələyən neft məhsullarının satışından əlavə mənfəət əldə edirlər.
Sənəddə həmçinin vurğulanır ki, Avropa İttifaqı son onilliklərin
ən ciddi təchizat böhranlarından biri ilə üz-üzədir və yaşayış
xərclərinin artması ilə bağlı narazılıq dünya üzrə güclənir. Bu
səbəbdən nazirlər neft şirkətlərinə əlavə rüsumların tətbiqi
imkanının nəzərdən keçirilməsini təklif edirlər.