Astana. Trend:
Qazaxıstanda Qurultay seçkiləri başlayıb.
Trend-in Astanaya ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, Qurultayın tərkibinə beş il müddətinə seçilən 145 deputat daxil olacaq. Seçkilər proporsional sistem üzrə keçirilir və deputatlar vahid ümummilli seçki dairəsi üzrə partiya siyahıları əsasında seçilirlər.
Qazaxıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ölkə üzrə seçici siyahılarına 12 milyon 605 min 788 nəfər daxil edilib. Səsvermənin təşkili üçün 10 min 423 seçki məntəqəsi hazırlanıb. Onlardan 79-u xaricdəki 61 dövlətdə fəaliyyət göstərir.
Seçkilərdə yeddi siyasi partiya iştirak edir: "Әділет", Ümummilli Sosial Demokrat Partiyası, Qazaxıstan Yaşıllar Partiyası "Baytaq", Qazaxıstan Xalq Partiyası, "Aul", Qazaxıstan Demokrat Partiyası "Ak Jol" və "Respublica".
Səsvermənin gedişini beynəlxalq müşahidəçilər izləyirlər. Seçkilərin monitorinqi üçün 42 ölkədən ümumilikdə 777 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Bundan əlavə, müşahidə missiyalarında 13 beynəlxalq təşkilatın nümayəndələri iştirak edirlər.
2026-cı il iyulun 1-də qüvvəyə minmiş Qazaxıstanın yeni Konstitusiyasına əsasən, əvvəlki Məclis və Senatdan ibarət ikipalatalı Parlamentin əvəzinə ölkədə təkpalatalı parlament — Qurultay fəaliyyət göstərəcək.
