Kasım-Jomart Tokayev Kurultay deputatlarının seçkilərində səs verib

Dünya xəbərləri Materials 23 Avqust 2026 12:50 (UTC +04:00)
Kasım-Jomart Tokayev Kurultay deputatlarının seçkilərində səs verib
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Astana. Trend:

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kurultay deputatlarının seçkilərində səs verib.

Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

“Aqorda”nın məlumatında deyilir: “Prezident Kasım-Jomart Tokayev Müstəqillik Sarayında yerləşən 520 saylı seçki məntəqəsində Qazaxıstan Respublikasının Kurultayına seçkilərdə səsvermədə iştirak edib”.

Səsvermədən sonra dövlət başçısı kütləvi informasiya vasitələrinin nümayəndələri üçün brifinq keçirib.

“Şübhəsiz ki, bu gün ölkəmiz üçün həqiqətən də tarixi gündür. İlk dəfə olaraq birpalatalı Kurultaya seçkilər keçiririk. Bu, mühüm tarixi hadisədir. Vahid millət olaraq birləşərək genişmiqyaslı islahatlar həyata keçiririk. Hamınız bundan yaxşı xəbərdarsınız və baş verən dəyişikliklərin şahidisiniz. Biz mühüm nəticələr əldə etməyə nail olmuşuq. Bununla yanaşı, qarşıda hələ böyük işlər durur və qarşımıza qoyulan məqsədlər xüsusi əhəmiyyət daşıyır. Bugünkü seçkilər bu böyük işin yalnız başlanğıcıdır”, – deyə Tokayev bildirib.

Qeyd edək ki, bu gün Qazaxıstanda 2026-cı il iyulun 1-də qüvvəyə minmiş yeni Konstitusiyada nəzərdə tutulan ölkənin birpalatalı parlamenti – Kurultaya seçkilər başlayıb.

Kurultayın tərkibinə beş il müddətinə seçilən 145 deputat daxil olacaq. Seçkilər proporsional sistem üzrə keçirilir: deputatlar vahid ümummilli seçki dairəsində partiya siyahıları üzrə seçilirlər.

Qazaxıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçici siyahılarına 12 605 788 nəfər daxil edilib. Səsvermənin keçirilməsi üçün 10 423 seçki məntəqəsi hazırlanıb, onlardan 79-u xaricdəki 61 dövlətdə yerləşir.

Seçkilərdə yeddi siyasi partiya iştirak edir: “Ədilet”, Ümummilli Sosial-Demokrat Partiyası, Qazaxıstan Yaşıllar Partiyası “Baytak”, Qazaxıstan Xalq Partiyası, “Auıl”, Qazaxıstan Demokratik Partiyası “Ak jol” və “Respublica”.

Səsvermənin gedişini beynəlxalq ekspertlər müşahidə edirlər. Ümumilikdə 42 dövlətdən 777 beynəlxalq müşahidəçi qeydiyyata alınıb. Bundan əlavə, müşahidə missiyalarında 13 beynəlxalq təşkilatın nümayəndələri iştirak edirlər.

Kurultay əvvəllər Məclis və Senatdan ibarət olmuş Qazaxıstanın ikipalatalı Parlamentini əvəz edəcək.

Saat 12:00-a olan məlumata görə, Qazaxıstanda Kurultay seçkilərində seçici fəallığı 37,05% təşkil edib.

Xəbər lenti

Xəbər lenti