Özbəkistan Mərkəzi Bankı fintexin inkişafı və regional inteqrasiya üçün yeni təşəbbüslərə başlayır

İqtisadiyyat Materials 24 Avqust 2026 10:13 (UTC +04:00)
Özbəkistan Mərkəzi Bankı fintexin inkişafı və regional inteqrasiya üçün yeni təşəbbüslərə başlayır
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
Bütün xəbərlər

Daşkənd.Trend:

Özbəkistan Mərkəzi Bankı milli fintex ekosisteminin inkişafı çərçivəsində "Fintech Innovation Hub", ixtisaslaşmış vençur fondu və 5 min gənc mütəxəssisin hazırlanması proqramı da daxil olmaqla bir sıra yeni təşəbbüslərə başlayır.

Trend-in Daşkənddən olan xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Özbəkistan Mərkəzi Bankının sədri Timur İşmetov İpək Yolu Maliyyə və Texnologiya Forumunda (Silk Road Finance & Technology Forum) çıxışı zamanı deyib.

Onun sözlərinə görə, "Innovation Hub" 2026-cı ilin dördüncü rübündə ilk rezident qrupunu qəbul etməyə başlayacaq. Platforma fintex startaplarının inkubasiyası və akselerasiyası, o cümlədən tənzimləyici dəstəyin göstərilməsi və pilot həllərin bazara çıxmağa hazırlığının yoxlanılması imkanlarını təqdim edəcək.

“Biz həmçinin ixtisaslaşmış vençur fondu yaratmışıq. Təcrübəli beynəlxalq fond idarəçiləri ilə danışıqlar aparırıq, eyni zamanda daha böyük maliyyələşmə həcmlərinin təmin edilməsi və beynəlxalq birgə investisiyaların cəlb edilməsi məqsədilə "Innovation Hub"dan beynəlxalq miqyasda genişlənməyə birbaşa keçid mexanizmi formalaşdırırıq”, - deyə İşmetov bildirib.

O qeyd edib ki, Mərkəzi Bank ödəniş sistemləri, açıq bankçılıq və əməliyyat dayanıqlılığı sahəsində siyasəti də yeni səviyyəyə çıxarmaq niyyətindədir. İşmetovun sözlərinə görə, əsas normativ çərçivə, idarəetmə modeli və texniki arxitektura artıq formalaşdırılıb.

“Bu siyasətin gücləndirilməsi maliyyə sisteminin gələcəyə yönümlü olmasına imkan verəcək”, - deyə Mərkəzi Bankın sədri bildirib.

Digər təşəbbüs 2028-ci ilədək fintex sahəsində 5 min gənc mütəxəssisin hazırlanması proqramı olacaq. İlk qrup cari ilin sonunadək Sinqapur universitetlərinin və GFTA-nın iştirakı ilə hazırlanan proqram çərçivəsində təlimə başlayacaq. Proqram akademik hazırlığı maliyyə texnologiyaları sahəsində praktiki bacarıqlarla birləşdirəcək.

İşmetov həmçinin bildirib ki, Özbəkistan daha geniş fintex strategiyası çərçivəsində mərkəzi bankın rəqəmsal valyutasına (CBDC) dair ağ kitab dərc edəcək.

“Sənəddə potensial istifadə variantlarının qiymətləndirilməsi, dizayn variantları, əsas kompromislər və maliyyə sistemi üçün nəticələr əhatə olunacaq”, - deyə o bildirib.

Mərkəzi Bankın rəhbəri vurğulayıb ki, bütün bu təşəbbüslər innovasiyaların inkişafına, tənzimləmənin təkmilləşdirilməsinə, maliyyə infrastrukturunun modernləşdirilməsinə, kapital və istedadlara çıxışın genişləndirilməsinə, həmçinin Özbəkistanın Mərkəzi Asiyada fintex üzrə regional inkişaf mərkəzi kimi mövqeləndirilməsinə yönəlmiş vahid strategiyanın tərkib hissəsidir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti