Özbəkistan ÜDM-in illik artım tempini 6-7 faiz səviyyəsində saxlayır - Baş nazirin müavini

İqtisadiyyat Materials 24 Avqust 2026 10:06 (UTC +04:00)
Özbəkistan ÜDM-in illik artım tempini 6-7 faiz səviyyəsində saxlayır - Baş nazirin müavini
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
Bütün xəbərlər

Daşkənd.Trend:

Özbəkistanın ÜDM-inin orta illik artım tempi təxminən 6-7 faiz səviyyəsində qalır, eyni zamanda ölkə iqtisadiyyatının həcmi bu müddət ərzində üç dəfə artaraq təxminən 60 milyard ABŞ dollarından 180 milyard ABŞ dollarına çatıb.

Trend-in Daşkənddən olan xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Özbəkistan Baş nazirinin müavini, iqtisadiyyat və maliyyə naziri Camşid Kuçkarov İpək Yolu Maliyyə və Texnologiya Forumunda (Silk Road Finance & Technology Forum) çıxışı zamanı deyib.

Onun sözlərinə görə, adam başına düşən ÜDM də əhəmiyyətli dərəcədə artaraq təxminən 1,9 min dollardan 4,6 min dollara yüksəlib ki, bu da Özbəkistana orta gəlirdən yüksək gəlir səviyyəsinə malik ölkələr qrupuna daxil olmağa imkan verib.

Kuçkarov qeyd edib ki, eyni zamanda ölkə inflyasiyanın azaldılması istiqamətində də əhəmiyyətli irəliləyiş əldə edib. Bir neçə il əvvəl inflyasiya ikirəqəmli səviyyədə olduğu halda, hazırda birrəqəmli göstəriciyə düşüb.

“Bu il inflyasiyanın təxminən 6,5 faiz təşkil edəcəyi gözlənilir, gələn il isə 5 faizlik səviyyəyə çatmağı hədəfləyirik”, - deyə o bildirib.

Baş nazirin müavininin sözlərinə görə, Özbəkistanın xarici dövlət borcu ÜDM-in təxminən 27 faizi səviyyəsində qalır, büdcə kəsiri isə son illərdə ÜDM-in 3 faizindən aşağı səviyyədə saxlanılır.

O, həmçinin ölkə iqtisadiyyatının xarici qiymətləndirmələrinin yaxşılaşdığını qeyd edib. Belə ki, Özbəkistanın kredit reytinqləri “Fitch” və digər reytinq agentlikləri tərəfindən yüksəldilib, birbaşa xarici investisiyaların axınının həcmi isə hər il artır.

“Gələcəkdə inflyasiyanın hədəf səviyyəyə endirilməsi, büdcə intizamının qorunması, eləcə də dövlət borcunun balanslaşdırılmış və dayanıqlı səviyyəsinin təmin edilməsi üçün bütün zəruri tədbirləri görəcəyik”, - deyə Kuçkarov bildirib.

O vurğulayıb ki, Özbəkistan hökuməti qarşıdakı onillikdə də investorlar və bazar iştirakçıları üçün əlverişli və proqnozlaşdırıla bilən mühit təmin etmək niyyətindədir.

“Biz investisiya səviyyəli suveren kredit reytinqinə nail olmaq, Özbəkistanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü prosesini başa çatdırmaq, dövlətin iqtisadiyyatda iştirakını daha da azaltmaq və bazar islahatlarını davam etdirmək istiqamətində çalışacağıq”, - deyə Kuçkarov bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti