Daşkənd. Trend:
Daşkənddə İpək Yolu regionunda maliyyə texnologiyalarının inkişafı, rəqəmsal transformasiya və kapital bazarlarının inteqrasiyasının aktual məsələlərinə həsr olunmuş İpək Yolu Maliyyə və Texnologiya Forumunun ilk günü başa çatıb.
Trend-in Daşkənddə olan xüsusi müxbirinin məlumatına görə, tədbirdə Mərkəzi Asiya, Qafqaz, Yaxın Şərq və Şərqi Avropa ölkələrinin mərkəzi banklarının rəhbərləri, aidiyyəti nazirlik və qurumların nümayəndələri, eləcə də qlobal fintech sektorunun əsas iştirakçıları və aparıcı beynəlxalq ekspertlər iştirak ediblər.
İştirakçılar arasında regionun ən iri banklarının rəhbərləri, beynəlxalq ödəniş sistemlərinin top-menecerləri, vençur fondlarının rəhbərləri, həmçinin Beynəlxalq Valyuta Fondunun (BVF) və Dünya Bankının nümayəndələri yer alıblar.
Bundan əlavə, forumda bankçılıq üçün süni intellekt sahəsində innovativ həllər hazırlayan şirkətlərin nümayəndələri, kibertəhlükəsizlik üzrə mütəxəssislər, investorlar və startap ekosisteminin nümayəndələri iştirak ediblər.
Forum iştirakçıları bank sektorunun rəqəmsallaşdırılmasının sürətləndirilməsi, milli rəqəmsal valyutaların (CBDC) tətbiqi, transsərhəd ödəniş sistemlərinin inkişafı və kiçik və orta biznes üçün maliyyə xidmətlərinə çıxışın genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Rəqəmsal aktivlərin tənzimlənməsi üzrə vahid standartların hazırlanmasına, eləcə də kibertəhlükəsizlik və məlumatların qorunması sahəsində regional əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetirilib.
Bundan əlavə, iştirakçıların diqqət mərkəzində regionun texnologiya sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsi, fintech startapları üçün əlverişli tənzimləyici “sandbox”ların yaradılması, habelə İT və maliyyə sahələrində kadr hazırlığı üzrə birgə təşəbbüslər olub.
Tədbirdə çıxış edən Özbəkistanın Baş nazirinin müavini, iqtisadiyyat və maliyyə naziri Cəmşid Kuçkarov bildirib ki, Özbəkistanın ÜDM-nin orta illik artım tempi təxminən 6–7% səviyyəsində qalır. Bu müddət ərzində ölkə iqtisadiyyatının həcmi təxminən 60 milyard dollardan 180 milyard dollara qədər üç dəfə artıb.
Onun sözlərinə görə, adambaşına düşən ÜDM də əhəmiyyətli dərəcədə artaraq təxminən 1,9 min dollardan 4,6 min dollara yüksəlib və bu, Özbəkistana gəlir səviyyəsi orta səviyyədən yüksək olan ölkələr qrupuna daxil olmağa imkan verib.
Kuçkarov qeyd edib ki, eyni zamanda ölkə inflyasiyanın azaldılması istiqamətində əhəmiyyətli irəliləyiş əldə edib. Bir neçə il əvvəl inflyasiya ikirəqəmli səviyyədə olduğu halda, hazırda birtəkli rəqəmlərə enib.
“Bu il inflyasiyanın təxminən 6,5% olacağı gözlənilir, gələn il isə 5% səviyyəsinə çatmağı hədəfləyirik”, - deyə o bildirib.
Baş nazirin müavininin sözlərinə görə, Özbəkistanın xarici dövlət borcu ÜDM-in təxminən 27%-i səviyyəsində qalır, büdcə kəsiri isə son illərdə ÜDM-in 3%-indən aşağı səviyyədə saxlanılır.
O, ölkə iqtisadiyyatının xarici qiymətləndirilməsində də yaxşılaşmanın olduğunu qeyd edib. Xüsusilə, Özbəkistanın kredit reytinqləri Fitch və digər reytinq agentlikləri tərəfindən yüksəldilib, birbaşa xarici investisiyaların həcmi isə hər il artır.
“Gələcəkdə inflyasiyanın hədəf səviyyəsinə endirilməsi, büdcə intizamının qorunması, eləcə də dövlət borcunun ölçülü və dayanıqlı səviyyəsinin təmin edilməsi üçün bütün zəruri tədbirləri görəcəyik”, - deyə Kuçkarov bildirib.
O vurğulayıb ki, Özbəkistan hökuməti növbəti onillikdə də investorlar və bazar iştirakçıları üçün əlverişli və proqnozlaşdırılan mühit təmin etmək niyyətindədir.
“İnvestisiya səviyyəli suveren kredit reytinqinə nail olmaq, Özbəkistanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünün başa çatdırılması, dövlətin iqtisadiyyatda iştirakının daha da azaldılması və bazar islahatlarının davam etdirilməsi istiqamətində çalışacağıq”, - deyə Kuçkarov bildirib.
Öz növbəsində, Özbəkistan Mərkəzi Bankının sədri Timur İşmetov bildirib ki, Mərkəzi Bank milli "fintech" ekosisteminin inkişafı çərçivəsində "Fintech Innovation Hub", ixtisaslaşmış vençur fondu və 5 min gənc mütəxəssisin hazırlanması proqramı da daxil olmaqla bir sıra yeni təşəbbüslərə başlayır.
Onun sözlərinə görə, "Innovation Hub" 2026-cı ilin dördüncü rübündə ilk rezident qrupunu qəbul etməyə başlayacaq. platforma "fintech" startaplarının inkubasiyası və akselerasiyası, o cümlədən tənzimləyici dəstək və pilot həllərin bazara çıxmağa hazırlığının sınaqdan keçirilməsi imkanlarını təqdim edəcək.
“Biz həmçinin ixtisaslaşmış vençur fondu yaratmışıq. Biz təcrübəli beynəlxalq fond idarəçiləri ilə danışıqlar aparırıq, eyni zamanda daha böyük maliyyələşmə imkanlarının təqdim edilməsi və beynəlxalq birgə investisiyaların cəlb edilməsi məqsədilə "Innovation Hub"dan beynəlxalq miqyasda genişlənməyə birbaşa yol formalaşdırırıq”, - deyə İşmetov bildirib.
O qeyd edib ki, Mərkəzi Bank ödəniş sistemləri, açıq bankçılıq və əməliyyat dayanıqlılığı sahəsində siyasəti də yeni səviyyəyə çıxarmaq niyyətindədir. İşmetovun sözlərinə görə, əsas normativ çərçivə, idarəetmə modeli və texniki arxitektura artıq formalaşdırılıb.
“Bu siyasətin gücləndirilməsi maliyyə sistemini gələcəyə yönümlü etməyə imkan verəcək”, - deyə Mərkəzi Bankın rəhbəri bildirib.
Digər təşəbbüs 2028-ci ilədək fintech sahəsində 5 min gənc mütəxəssisin hazırlanması proqramı olacaq. İlk qrup cari ilin sonunadək Sinqapur universitetlərinin və GFTA-nın iştirakı ilə hazırlanmış proqram çərçivəsində təhsilə başlayacaq. Proqram maliyyə texnologiyaları sahəsində akademik hazırlığı praktiki bacarıqlarla birləşdirəcək.
İşmetov həmçinin bildirib ki, daha geniş fintech strategiyası çərçivəsində Özbəkistan mərkəzi bankın rəqəmsal valyutasına (CBDC) dair “ağ kitab” dərc edəcək.
“Sənəddə potensial istifadə imkanlarının qiymətləndirilməsi, dizayn variantları, əsas kompromislər və maliyyə sistemi üçün nəticələr əhatə olunacaq”, - deyə o bildirib.
Mərkəzi Bankın rəhbəri vurğulayıb ki, bütün bu təşəbbüslər innovasiyaların inkişafına, tənzimləmənin təkmilləşdirilməsinə, maliyyə infrastrukturunun modernləşdirilməsinə, kapital və istedadlara çıxışın genişləndirilməsinə, eləcə də Özbəkistanın Mərkəzi Asiyada "fintech" artımının regional mərkəzi kimi mövqeləndirilməsinə yönəlmiş vahid strategiyanın tərkib hissəsidir.
"Anchorage Digital" şirkətinin stabilkoinlərə əsaslanan həllər üzrə qlobal rəhbəri Serjio Mello qeyd edib ki, stabilkoinlər və ənənəvi müxbir bankçılıq sistemi bir-birini istisna edən texnologiyalar deyil və beynəlxalq hesablaşmaların sürətini və səmərəliliyini artırmaq üçün birlikdə istifadə edilə bilər.
Onun sözlərinə görə, Anchorage Digital xarici müxbir banklara stabilkoinlərdən ənənəvi müxbir hesablarla yanaşı istifadə etməyə imkan verən həllər inkişaf etdirir.
“Stabilkoinlər və müxbir bankçılıq spektrin əks qütblərində deyil. Əslində, biz "Stablecoin Correspondent Banking" adlı məhsul təklif edirik ki, bu da xarici müxbir banklara müxbir hesablarını stabilkoinlər və ənənəvi vəsaitlərlə doldurmağa, hər iki sistemin üstünlüklərindən yararlanmağa imkan verir”, - deyə Mello bildirib.
O qeyd edib ki, bu yanaşma banklara ABŞ-dən kənarda dollarla hesablaşmalar üçün ənənəvi bank infrastrukturundan istifadə etməyə, eyni zamanda əməliyyatların həyata keçirilmə sürəti baxımından stabilkoinlərin üstünlüklərindən yararlanmağa imkan verir.
Mellonun sözlərinə görə, stabilkoinlər likvidlik problemlərinin həlli və xəzinə əməliyyatlarının sürətləndirilməsi üçün də istifadə edilə bilər.
O, buna nümunə olaraq "Anchorage Digital" şirkətinin "Western Union" və onun bank şəbəkəsinin iştirakçı bankları ilə əməkdaşlığını göstərib. Mellonun sözlərinə görə, müvafiq həllərdən istifadə real vaxt rejimində ödənişlərin həyata keçirilməsinə imkan verir ki, bu da daha ənənəvi infrastrukturdan istifadə zamanı mümkün deyildi.
“Bu, "Western Union"un artıq dünyanın hər yerində banklarla əməkdaşlıq etməməsi demək deyil. Əslində, "Western Union" və bank şəbəkəmizin iştirakçı bankları ilə birlikdə etdiyimiz iş real vaxt rejimində, sutka ərzində ödənişlərin həyata keçirilməsinə kömək etməkdir. Köhnə sistem vasitəsilə bunu etmək mümkün deyildi”, - deyə o vurğulayıb.
Mello maliyyə texnologiyalarının inkişafının ənənəvi bank sisteminə alternativ kimi nəzərdən keçirilməməli olduğunu vurğulayıb.
“Mən bu məsələyə texnologiyalar və inkişaf arasında bir-birini istisna edən seçim kimi deyil, texnologiyalarla inkişafın birləşməsi kimi yanaşmağı tövsiyə edərdim”, - deyə Mello fikrini yekunlaşdırıb.
Forum avqustun 25-26-da işini davam etdirəcək.
