Bakı. Trend:
ABŞ-nin maliyyə naziri Skot Bessent ABŞ-nin Tehrana qarşı yeni sanksiyalarla “İranın tiran rejimini” ayaqda saxlayan “bütün iqtisadi resursları kəsmək” istədiyini söyləyib.
Bu tədbirlər, xüsusilə qızıl, texnologiyalar, aviasiya və dəniz nəqliyyatı sahələrini əhatə edəcək. O, xüsusilə qeyd edib ki, Donald Tramp xarici ölkələrin liderlərinə zəng edərək onlardan “İranla ticarəti dayandırmağı” və Tehranla iqtisadi əlaqələri kəsməyi xahiş edir.
“Bu gün açıqlanan yeni sektoral sanksiya qərarları İranın xaricdə gəlir əldə etdiyi beş mühüm sektoru — rəqəmsal aktivləri, texnologiyanı, qızılı, aviasiyanı və dəniz nəqliyyatını hədəfə alır”, - deyə Skot Bessent bildirib. O, İranla ticarət etmək üçün “kifayət qədər ehtiyatsız davranacaq hər kəsə” qarşı təqiblərin “sürətləndiriləcəyi” barədə xəbərdarlıq edib.
“İran qarşısında çox aydın seçim var və cəmi iki mümkün yol mövcuddur: tam təcrid və yaşayış səviyyəsində iqtisadiyyat, yaxud normallığa qayıdış və dünya iqtisadiyyatına qoşulmaq imkanı”, - deyə o əlavə edib.
Vaşinqton həmçinin xəbərdarlıq edib ki, ABŞ-ın sanksiyalarına qoşulmayan ölkələr İranın “təcridini bölüşəcəklər”. Skot Bessent bildirib ki, “hər bir ölkənin müəyyən etdiyimiz fəaliyyətlərə son qoymaq üçün dəqiq qrafiki var”.
“Əgər onlar zəruri tədbirləri görməsələr, Maliyyə Nazirliyinin səlahiyyətlərindən istifadə etməklə birtərəfli qaydada hərəkət edəcəyik”, - deyə o xəbərdarlıq edib.
Müvafiq dövlətlərə, o cümlədən “xaricdəki İran banklarının filialları” da daxil olmaqla, hədəfə alınan fəaliyyətləri dayandırmaq üçün məhdud müddət veriləcək.
Skot Bessent həmçinin xəbərdarlıq edib ki, “İranla istənilən formada iqtisadi əlaqə məsul şəxsləri ABŞ-nin bütün gücü ilə üz-üzə qoyacaq”.
“Heç kim, o cümlədən Çin ABŞ sanksiyalarının əhatə dairəsindən kənarda deyil”, - deyə o əlavə edib.
ABŞ rəsmisi, həmçinin İran pullarının yuyulmasının qarşısını almayan dövlətlərin “dollar sistemindən çıxarılacağını” xəbərdar edib. Bununla belə, o, Tehranla əlaqələrin kəsilməsi üçün konkret müddət müəyyənləşdirməkdən imtina edib və “səbrimizin sonsuz olmadığını” bildirib.
Donald Tramp bazar ertəsi özünün “Truth Social” sosial şəbəkəsində İranın “tamamilə çökdüyünü” bəyan edib.
“Prezident dünya liderlərinə telefonla zəng edərək onlardan rejimlə qarşılıqlı əlaqələrə son qoymağı açıq şəkildə tələb edib. Artıq bunun nəticələrini görürük”, - deyə Skott Bessent bildirib.
İran üçün strateji iqtisadi tərəfdaş olan Çin bu təşəbbüsü tənqid edib və hesab edir ki, ABŞ-nin “sanksiyaları və təzyiqi” Yaxın Şərqdəki münaqişənin həllinə imkan verməyəcək.
İranın iqtisadiyyat naziri Əli Mədənizadə dövlət televiziyasına açıqlamasında Vaşinqtonun “yeni məğlubiyyətinə” söz verib və Tehranın ABŞ sanksiyalarına qarşı mübarizə aparmaq üçün “iki illik plana” malik olduğunu bildirib.
