Səudiyyə Ərəbistanı İl-dö-Frans regionunda üç yeni əyləncə parkı inşa edəcək

Dünya xəbərləri Xəbər 24 Avqust 2026 23:43 (UTC +04:00)
Səudiyyə Ərəbistanı İl-dö-Frans regionunda üç yeni əyləncə parkı inşa edəcək
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Parisin qərbində yerləşən Serji-Pontuazda üç əyləncə parkından ibarət yeni istirahət kompleksi inşa ediləcək.

Bu barədə Yelisey sarayı avqustun 24-də, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın Fransaya səfəri zamanı məlumat verib.

Bu nəhəng layihə 1987-ci ildə açılan və 1991-ci ildə fəaliyyətini dayandıran Fransanın ilk böyük əyləncə parkı “Mirapolis”in keçmiş ərazisində, Kurdimanş kommunasında yerləşəcək. İnvestisiyanın həcmi 6 milyard avro təşkil edir. Həmçinin 22 min yeni iş yeri açılacaq.

Parkların tematikası hələ açıqlanmayıb, lakin onlardan birinin manqaya həsr oluna biləcəyi bildirilir. Bir neçə həftədir “Dragon Ball” franşizasına həsr olunmuş parkın yaradılacağı barədə söz-söhbətlər yayılıb. Belə bir parkın ilki artıq Səudiyyə Ərəbistanında, dünyanın "oyun üçün qurulan" yeni Qiddiya şəhərində inşa edilir. Burada 2025-ci ilin sonlarından etibarən dünyanın ən hündür və ən sürətli roller-kosterinin də yerləşdiyi “Six Flags” parkı fəaliyyət göstərir. Səudiyyə Ərəbistanındakı parkda 50 hektar ərazidə yeddi tematik zona və 30-dan çox atraksion nəzərdə tutulur. Parkın üzərində yapon manqasının simvolu olan müqəddəs Şenron əjdahasının 70 metr hündürlüyündə heykəli ucalacaq.

Fransa Prezidenti manqaya olan “marağını” xatırladaraq bu “misli görünməmiş elanı” alqışlayıb: “Serji-Pontuazda üç tematik park yaradılacaq. Bu, Disneylend Parisdən bəri görünməmiş bir hadisədir. Yeni qlobal turizm məkanı”, - deyə Emmanuel Makron "X" sosial şəbəkəsində yazıb.

Anlaşma memorandumunun imzalanması zamanı dövlət başçısı bu uğurdan “çox qürur duyduğunu” bildirib.

“Ölkəmizə, istedadlarımıza və gələcəyimizə göstərdiyiniz etimada görə Qiddiyaya və Səudiyyə Ərəbistanına təşəkkür edirəm”, - deyə o, əlavə edib.

İl-dö-Frans regionunun prezidenti Valeri Pekres bu “Disney miqyasındakı” layihə üzərində 18 aydır işlədiklərini və onun “İl-dö-Fransın turizm cəlbediciliyini həqiqətən də gücləndirə biləcəyini” təsdiqləyib. Yeni əyləncə məkanı Parisin şərqində yerləşən və ildə 16 milyon ziyarətçi qəbul edən “Disneylend Paris” nəhəngi ilə birbaşa rəqabət aparacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti