Bakı. Trend:
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri vasitəsilə 1 milyard 6,4 milyon manat məbləğində sığorta haqqı toplanıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında bildirilib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz çoxdur.
Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 671,4 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 26,9 faiz artım deməkdir.
Sığorta bazarındakı müsbət dinamika Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumu (AIIF-2026) çərçivəsində də diqqət mərkəzində olub.
Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının
sədri Ülviyyə Cabbarova forumda çıxışı zamanı bildirib ki, son dörd
ildə Azərbaycanın sığorta bazarı təxminən iki dəfə artıb.
Onun sözlərinə görə, bazarın inkişafı dövlət tərəfindən müəyyən
edilmiş strateji hədəflər, Azərbaycan Mərkəzi Bankının həyata
keçirdiyi islahatlar və bazar iştirakçılarının birgə fəaliyyəti
nəticəsində mümkün olub.
“Əldə olunan nəticələrə baxmayaraq, bazarın daha da böyüməsi üçün
böyük potensial mövcuddur. Azərbaycanda sığortanın əhatə
səviyyəsinin artırılması üçün geniş imkanlar var və məqsəd bu
potensialın tam reallaşdırılmasıdır”, - deyə Ü.Cabbarova
vurğulayıb.
O qeyd edib ki, əsas məqsəd yalnız bazar göstəricilərinin
artırılması deyil, sığortanın insanların həyatında daha mühüm yer
tutmasına və iqtisadiyyatın dayanıqlı inkişafına töhfəsinin
gücləndirilməsinə nail olmaqdır.
Trend-ə özəl müsahibə verən İnvestisiya və İxrac Kreditlərinin
Sığortalanması üzrə İslam Korporasiyasının (ICIEC) Biznesin
İnkişafı Departamentinin direktoru Yasir Alaki isə bildirib ki,
təşkilat Azərbaycanda fəaliyyətini genişləndirmək üçün əhəmiyyətli
potensial görür.
Onun sözlərinə görə, Azərbaycan 2020-ci ildən ICIEC-in üzvüdür və bu müddət ərzində təşkilat ölkədə maliyyə və sənaye sektorlarında müxtəlif layihələri dəstəkləyib.
“Bu günə qədər Azərbaycanda ticarət və investisiyalar daxil olmaqla təxminən 120 milyon ABŞ dolları həcmində əməliyyatları sığorta təminatı ilə əhatə etmişik. Hesab edirik ki, bu hələ kiçik göstəricidir və ölkədə xidmətlərimizi genişləndirmək üçün böyük potensial mövcuddur”, - deyə Y.Alaki bildirib.
O qeyd edib ki, ICIEC yerli banklarla əməkdaşlığı genişləndirməyi, ixracın maliyyələşdirilməsini dəstəkləməyi və Azərbaycana yeni investisiyaların cəlb olunmasına töhfə verməyi planlaşdırır.
