Bakı. Trend:
BSW-nin (əvvəllər “Sara Vağenknext İttifaqı – Ağıl və Ədalət uğrunda” partiyası) təsisçisi Sara Vağenknext “Almaniya üçün Alternativ” (AfD) partiyasının populyarlığını Almaniya Federativ Respublikasının (AFR) hazırkı hakimiyyətinin, o cümlədən Rusiya ilə münasibətlər sahəsində yürütdüyü yanlış siyasətlə izah edib. O, həmçinin kansler Fridrix Mertsin partiyası olan Xristian-Demokrat İttifaqının (XDİ) Saksoniya-Anhalt federal torpağının parlamentinə keçiriləcək seçkilərdə məğlub olacağını bildirib.
“Saksoniya-Anhaltda XDİ seçkilərdə böyük fərqlə məğlub olacaq. İnsanlar yeni siyasi dövrün başlanmasını istəyirlər. Biz açıq şəkildə bildirmişik ki, seçkilərdə məğlub olmuş XDİ namizədinin yenidən hakimiyyətə gətirilməsində iştirak etməyəcəyik”, - deyə Vağenknext Der Spiegel jurnalına müsahibəsində bildirib.
Bununla yanaşı, o, AfD-nin populyarlığının artmasının səbəblərini də izah edib.
“Əvvəlcə gəlin “Almaniya üçün Alternativ”in niyə 40 faiz səs topladığından danışaq! Almaniyada bu qədər narazılıq, bu qədər qəzəb haradan yaranıb? Enerji daşıyıcılarının qiymətlərinin artması, kirayə haqlarının yüksəlməsi, pis vəziyyətdə olan məktəblər, cüzi pensiyalar — siyasətçilərin isə buna yeganə cavabı yeni ixtisarlar, yeni pisləşmələrdir! Bununla yanaşı, milyardlarla vəsait müdafiə sənayesinə və Ukraynaya axıdılır! İnsanların niyə qəzəbləndiyi tamamilə aydındır”, - deyə BSW-nin təsisçisi qeyd edib.
Onun sözlərinə görə, məhz buna görə insanların bir çoxu AfD-yə səs verir. Vağenknext bildirib ki, hazırda “Almaniya üçün Alternativ” AFR-də ən güclü partiyadır.
“Lakin 40 faiz dəstəyə malik partiyanı istənilən təsirdən məhrum etməyə ciddi şəkildə cəhd göstərmək qeyri-demokratikdir və onun seçicilərinə təhqirdir. Bizim təklifimiz ondan ibarətdir ki, partiya mənsubiyyətindən asılı olmayaraq müstəqil və nüfuzlu bir baş nazir tapılsın. O, həm partiya üzvlüyü olan, həm də olmayan bacarıqlı ekspertləri hökumətinə cəlb etsin, daha sonra dəyişkən çoxluğun dəstəyinə arxalanaraq və demokratik yolla seçilmiş bütün partiyaları prosesə cəlb edərək ölkəni idarə etsin”, - deyə siyasətçi fikrini yekunlaşdırıb.
Vağenknext izah edib ki, AfD-nin seçki proqramında onun seçilməsinə səbəb olan bir sıra məntiqli tələblər yer alır.
“Saksoniya-Anhaltda bu, bütün məktəblilər üçün pulsuz nahardan başlayır və hazırkı enerji böhranına cavab olaraq yenidən Rusiya nefti və qazının alınması tələbinə qədər uzanır. Təbii ki, biz landtaqda belə tələblərin dəstəklənməsi üçün çoxluq təmin edərdik. Bir çox insan AfD-yə, o cümlədən Rusiyaya münasibətdə fərqli siyasətin tərəfdarı olduğu üçün səs verir”, - deyə BSW-nin təsisçisi bildirib.
Saksoniya-Anhaltın yeni regional parlamentinə seçkilər sentyabrın 6-da keçiriləcək. Hazırda “Almaniya üçün Alternativ” bu federal torpaqda partiyaların reytinqində inamla liderlik edir. İyulun 31-dən avqustun 6-dək keçirilmiş INSA sorğusunun nəticələrinə görə, AfD 42 faiz səslə ikinci yerdə qərarlaşan Xristian-Demokrat İttifaqını 20 faiz bəndi qabaqlayır.
