Fransada Karkasson yaxınlığında tornado nəticəsində azı 41 nəfər xəsarət alıb, 300 yaşayış evinə ziyan dəyib (VİDEO)

Dünya xəbərləri Xəbər 25 Avqust 2026 02:40 (UTC +04:00)
Fransada Karkasson yaxınlığında tornado nəticəsində azı 41 nəfər xəsarət alıb, 300 yaşayış evinə ziyan dəyib (VİDEO)
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Bazar ertəsi günortadan sonra, Fransada Od departamentində, Karkasson yaxınlığında güclü tornado meydana gəlib, tufanla əlaqədar narıncı təhlükə səviyyəsi elan edilib.

Təbii hadisə saat 17:20 radələrində Karkasson ilə Limu arasında yerləşən bir neçə yaşayış məntəqəsində, o cümlədən təxminən 1000 nəfər əhalisi olan Pomas kommunasında müşahidə olunub.

“Hazırkı məlumata görə, 41 nəfər yüngül dərəcəli xəsarət alıb. Onlara tibbi yardım göstərilib, onlardan 5 nəfər xəstəxanaya çatdırılıb”, - deyə Od departamentinin prefekturası bildirib. Təxminən 300 yaşayış evinə ziyan dəyib.

Sosial şəbəkələrdə yayılan bir sıra video və fotolarda güclü külək fonunda böyük, qıfşəkilli burulğan görünür.

Təbii hadisə Pomas kommunasında dağıntılara səbəb olub. Bir sıra yaşayış evlərinə, xüsusilə dam örtüklərinə ciddi ziyan dəyib.

Prefekturanın məlumatına görə, ağacların aşması səbəbindən bir neçə departament yolu nəqliyyatın hərəkəti üçün bağlanıb. Hadisə yerinə genişmiqyaslı qüvvələr cəlb olunub: 120-dən çox yanğınsöndürən, o cümlədən xüsusi təlim keçmiş itlərdən ibarət bölmənin dəstəyi ilə şəhər şəraitində axtarış-xilasetmə üzrə 14 mütəxəssis, həmçinin 15 jandarm səfərbər edilib.

Ehtiyacı olan şəxslərin gecələməsi üçün Pomasdakı çoxfunksiyalı zalda və Limudakı Tyüleri ərazisində gecə üçün qəbul mərkəzi açılıb.

“Hazırda Fonkkuvert, Kamplon, Suye, Rezak-d'Od, Fabrezan, Monmor, Supeks, Riko, Monklar və La Pomared kommunalarında 2800 abonent elektrik enerjisindən məhrumdur”, - deyə prefektura vəziyyətlə bağlı yeni məlumatında bildirib.

Xüsusilə Fransa Qırmızı Xaçının əməkdaşları da daxil olmaqla əlavə qüvvələrin hadisə yerinə göndərilməsi gözlənilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti