Astana. Trend:
Dövlət və Qazaxıstan xalqı vahid yolla irəliləyir.
Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bunu TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının sədri, Türkiyə Böyük Millət Məclisinin deputatı, missiyanın rəhbəri Osman Mesten jurnalistlərə açıqlamasında deyib.
“Qazaxıstanda seçkilər qanunvericiliyə uyğun və lazımi qaydada keçirilib. Biz həmçinin gördük ki, 18 yaşdan başlayan ən gənc vətəndaşlardan yaşlı insanlara qədər Qazaxıstan vətəndaşları dünənki hava şəraitinə baxmayaraq, seçkilərdə fəal iştirak ediblər. Seçici fəallığı 70 faizdən çox olub.
Bu, Qazaxıstan dövlətinin xalqı ilə birlikdə vahid yolla irəlilədiyini göstərən yaxşı nümunədir.
Arzu edirəm ki, bu seçkilər Qazaxıstan dövlətinə və xalqına fayda və rifah gətirsin”, - deyə o bildirib.
Mesten qeyd edib ki, nümayəndə heyəti təkcə Astanada deyil, həm də Almatıda müşahidə aparıb. Bundan əlavə, nümayəndə heyəti ölkəyə gəldikdən sonra artıq dörd gündür burada fəaliyyət göstərir. Bu müddət ərzində nümayəndə heyəti Mərkəzi Seçki Komissiyası, regional seçki komissiyaları, bütün siyasi partiyalar, eləcə də müvafiq dövlət qurumları ilə görüşlər və danışıqlar aparıb.
“Nümayəndə heyətimiz belə qənaətə gəlib ki, Qazaxıstanda seçkilər ölkə Konstitusiyasına, milli qanunvericiliyə, eləcə də beynəlxalq hüquq standartlarına uyğun keçirilib”, - deyə o bildirib.
