Daşkənd. Trend:
Daşkənddə “Silk Road Finance & Technology Forum”nun ikinci günü başa çatıb.
Genişmiqyaslı tədbirin ikinci günü rəqəmsal valyutaların praktiki tətbiqi, transsərhəd “fintech” dəhlizlərinin inkişafı və Böyük İpək Yolu regionunda investisiya əməkdaşlığının fəallaşdırılması məsələlərinə həsr olunub.
Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, forumun təşkilatçıları Özbəkistan Respublikasının Mərkəzi Bankı və Sinqapurun beynəlxalq “Global Finance & Technology Network” (GFTN) şəbəkəsidir.
Tədbirə dünyanın 74 ölkəsindən 6 mindən çox iştirakçı və 200-ə yaxın spiker, o cümlədən tənzimləyici qurumların rəhbərləri, aidiyyəti nazirliklərin nümayəndələri, beynəlxalq maliyyə institutları və idarə etdikləri aktivlərin ümumi həcmi 4 milyard ABŞ dollarından çox olan investorlar qatılıb.
İkinci günün əsas sessiyaları çərçivəsində nümayəndələr və ekspertlər ənənəvi bankçılıqdan rəqəmsal maliyyə ekosistemlərinə keçidlə bağlı praktiki addımları, “açıq bankçılığın” (“Open Banking”) inkişafını, həmçinin sabit tokenlər (“steyblkoinlər”) və milli rəqəmsal valyutalar (“CBDC”) üçün normativ çərçivələri müzakirə ediblər.
Əsas mövzular arasında Özbəkistan tənzimləyicisi tərəfindən yenilənmiş beynəlxalq tənzimləyici “sandbox”un (“Regulatory Sandbox 2.0”) işə salınması, vençur proqramlarının həyata keçirilməsi və islam maliyyələşdirilməsi sahəsində qanunvericilik təşəbbüsləri olub.
Forum iştirakçıları maliyyə sektorunda süni intellektin fəal tətbiqi şəraitində kibertəhlükəsizlik və fərdi məlumatların qorunması məsələlərinə, həmçinin beynəlxalq texnoloji startapların cəlb edilməsi üçün əlverişli mühitin yaradılmasına xüsusi diqqət yetiriblər.
Tədbirdə çıxış edən “Liminal Custody” şirkətinin baş kommersiya direktoru Rajes Sabari bildirib ki, blokçeyn transsərhəd likvidlik problemlərinin həllinə, girov aktivlərinin mobilliyinin artırılmasına və inkişaf etməkdə olan bazarlarda kiçik və orta biznesin maliyyələşməyə çıxışının genişləndirilməsinə kömək edə bilər.
Onun sözlərinə görə, kiçik və orta biznes, eləcə də B2B seqmenti ilk növbədə uyğunluq (“compliance”) və çirkli pulların yuyulmasına qarşı mübarizə (“AML”) sahəsindəki tələblərlə bağlı məhdudiyyətlərlə üzləşir. “Tənzimlənən steyblkoin emitentlərinin və “Circle” kimi ehtiyatlarla tam təmin olunan alətlərin meydana çıxması ilə marağın artdığını müşahidə edirik. Lakin inkişaf etməkdə olan bazarlarda transsərhəd likvidlik baxımından “son mil” problemi hələ də tam həll edilməyib”, - deyə Sabari bildirib.
O qeyd edib ki, transsərhəd əməliyyat üçün elan edilən komissiya yalnız yerli bazarda göstərilən xidmətlərin dəyərini əks etdirə bilər, halbuki əməliyyatın bütün mərhələlərində çəkilən xərcləri nəzərə almaq lazımdır.
Sabari bildirib ki, məhz bu problemin həlli üçün likvidlik sahəsində alətlər nəzərdə tutulub. Tənzimlənən ödəniş xidməti təminatçıları ilə işləyərkən əməliyyat zəncirinə ilkin yoxlama, sanksiya skrininqi, “AML” nəzarəti və “Travel Rule” tələblərinə riayət daxil edilməlidir.
O, digər istiqamət kimi banklar, maliyyə institutları, ənənəvi trastlar və kapital bazarı iştirakçıları da daxil olmaqla institusional iştirakçıları qeyd edib.
Onun sözlərinə görə, bu kateqoriyadan olan iştirakçılar üçün “blockchain”in əsas tətbiq sahəsi transsərhəd ödənişlər deyil, girov aktivlərinin mobilliyinin artırılması ola bilər.
“Maliyyə direktoru və ya xəzinədarın nöqteyi-nəzərindən kapitalın əhəmiyyətli hissəsi əvvəlcədən maliyyələşdirilir və faktiki olaraq bloklanır ki, bu da girov aktivlərinin daha yüksək mobilliyinə ehtiyac yaradır”, - deyə Sabari qeyd edib.
O əlavə edib ki, blokçeyn belə aktivlərin mobilliyini artıra bilər. Xüsusilə, tokenləşdirilmiş borc alətləri daha sürətli hərəkət etdirilə və proqramlaşdırıla bilən məntiq vasitəsilə istifadə oluna bilər.
Sabari digər potensial istiqamət kimi inkişaf etməkdə olan bazarlarda kiçik və orta biznesin kreditləşdirilməsini, xüsusilə xarici institusional investorlara belə aktivlərə çıxışın təmin edilməsini qeyd edib.
“Bu bazarlara çıxış çox vaxt əhəmiyyətli inzibati maneələrlə bağlı olur. Bu, blokçeynin likvidliklə bağlı bütün problemləri dərhal aradan qaldırması demək deyil. Lakin o, identifikasiya və digər zəruri məlumatların şəbəkədə yerləşdirilməsini asanlaşdıraraq institusional investorların xarici aktivlərə daxil etdikləri risk mükafatını azaltmağa kömək edir”, - deyə o bildirib.
Sabari bildirib ki, “Liminal Custody” həmçinin institusional iştirakçılar üçün tanış olan nəzarət mexanizmlərinin, o cümlədən icazə verilən aktivlərin və ünvanların siyahılarının idarə edilməsi (“whitelisting”), açarların idarə edilməsi və aktivlərin seqreqasiyasının blokçeynə köçürülməsi üzərində də işləyir.
“Məqsəd şəbəkədə onların bank lisenziyası və ya ödəniş xidməti təminatçısı lisenziyası çərçivəsində fəaliyyət göstərdikləri infrastruktura uyğun infrastruktur yaratmaqdır”, - deyə Sabari bildirib.
Özbəkistan Mərkəzi Bankının Kibertəhlükəsizlik Mərkəzinin CERT-CBU bölməsinin rəhbəri Mirzabek Bobojanov bildirib ki, Özbəkistan Mərkəzi Bankı gələn il maliyyə təşkilatlarının yetkinlik səviyyəsinin və kiberrisklərinin qiymətləndirilməsi üzrə yeni sistem tətbiq etməyi planlaşdırır.
Onun sözlərinə görə, yeni sistem mövcud tənzimləyici tələblərdən fərqlənəcək və Mərkəzi Banka maliyyə təşkilatlarını onların fərdi kiberrisk və yetkinlik səviyyəsini nəzərə almaqla qiymətləndirməyə imkan verəcək.
“Biz gələn il işə salacağımız və tətbiq edəcəyimiz yeni kibertəhlükəsizlik sistemi hazırlamışıq. O, tənzimləmə tələblərindən tamamilə fərqlənəcək”, - deyə Bobojanov bildirib.
O qeyd edib ki, yeni sistem kibertəhlükəsizliyin dörd yetkinlik səviyyəsini nəzərdə tutacaq. “Sistem baxımından əhəmiyyətli bank ən sərt tələblərə riayət etməli olacaq. Çoxlu müştərisi olmayan və o qədər də rəqəmsallaşdırılmamış bank isə daha aşağı tələblər səviyyəsinə uyğun olacaq”, - deyə o izah edib.
Bobojanovun sözlərinə görə, belə yanaşma tənzimləyiciyə resursları ən ciddi kiber və dələduzluq riskləri olan təşkilatlara yönəltməyə imkan verəcək.
“Biz bütün təşkilatları əhatə edə və onların hər birində audit apara bilmərik. Buna görə də yanaşmamız daha çox risk və yetkinlik səviyyəsinə yönələcək”, - deyə o qeyd edib.
O əlavə edib ki, qiymətləndirmədən əvvəl tənzimləyici maliyyə təşkilatlarından zəruri sənədləri və onların kibertəhlükəsizlik sistemləri və prosesləri barədə məlumatları tələb edəcək.
Bundan sonra daha aşağı göstəricilərə malik təşkilatlar Mərkəzi Bank tərəfindən yoxlamaların prioritet obyektlərinə çevriləcək.
Milli Perspektiv Layihələr Agentliyinin direktorunun birinci müavini Vyaçeslav Pak isə bildirib ki, Özbəkistan rəqəmsal maliyyə alətlərinin xüsusiyyətlərini və beynəlxalq təcrübəni nəzərə almaqla steyblkoinlərin və tokenləşdirilmiş qiymətli kağızların tənzimlənməsinə yeni yanaşmaları araşdırır.
Onun sözlərinə görə, rəqəmsal maliyyə alətlərinin inkişafı mövcud tənzimləmə yanaşmalarının uyğunlaşdırılmasını tələb edir, çünki belə alətlər dəyərin hərəkətini əhəmiyyətli dərəcədə sürətləndirməyə imkan verir.
“Biz maliyyə alətlərinin tənzimlənməsi üzrə ənənəvi vasitələrdən istifadə edib onları steyblkoinlərə tətbiq edə bilmərik, çünki onlar tamamilə başqa əsasda fəaliyyət göstərirlər”, - deyə Pak bildirib.
O qeyd edib ki, bir neçə gün, hətta bir həftə çəkə bilən ənənəvi ödənişlərdən fərqli olaraq, rəqəmsal aktivlərlə əməliyyatlar saniyələr və ya dəqiqələr ərzində həyata keçirilə bilər.
Paka görə, müvafiq tənzimləmə formalaşdırılarkən çirkli pulların yuyulmasına qarşı mübarizə (“AML”), pul-kredit siyasəti, steyblkoinlərin ənənəvi bank sistemi ilə inteqrasiyası və onların pul statistikasında əks etdirilməsi məsələləri nəzərə alınmalıdır.
“Bu riskləri “AML” və pul-kredit siyasəti baxımından necə idarə etməyi, məsələn, steyblkoinləri ənənəvi bank sisteminə necə inteqrasiya etməyi və onları pul statistikasında necə əks etdirməyi anlamaq lazımdır”, - deyə o qeyd edib.
Qiymətli kağızların tokenləşdirilməsindən danışan Pak bildirib ki, bu sahədə beynəlxalq təcrübə formalaşmaqda davam edir və bu, müxtəlif tənzimləmə yanaşmalarının işlənib hazırlanması üçün imkanlar yaradır.
“Biz beynəlxalq təcrübəni öyrənməyə başlayanda bununla bağlı hələ təsdiq edilmiş praktiki modellərin olmadığını gördük. Düşünürəm ki, hazırda dünyada qiymətli kağızların tokenləşdirilməsi bazarı tam tənzimlənmiş ölkə yoxdur”, - deyə o bildirib.
Onun sözlərinə görə, mümkün yanaşmalardan biri ənənəvi səhm və ya istiqrazın rəqəmsal əkizinin yaradılması ola bilər. Bununla yanaşı, tokenləşdirilmiş qiymətli kağızların buraxılması uçot, ödənişlər və sahiblərin hüquqlarının həyata keçirilməsi qaydalarının müəyyən edilməsini tələb edir.
Pak tokenləşdirilmiş səhmlərlə bağlı məsələləri, o cümlədən səhmdarların səsvermədə və korporativ idarəetmədə iştirak hüquqlarının təmin edilməsini ayrıca qeyd edib.
“Bir çox mühüm məsələlər var və düşünürəm ki, məhz bu kimi platformalar yeni həllər tapmağa və yeni tənzimləməni necə sürətlə yaratmağı anlamağa çalışır”, - deyə Pak bildirib.
Forum öz işini avqustun 26-da davam etdirəcək.
