Bakı. Trend:
Haitidə quldur dəstəsinin Kenscoff şəhərinə silahlı hücumu nəticəsində avqustun 24-nə keçən gecə ən azı 42 nəfər həlak olub. Bu barədə yerli Tele Galaxie radiostansiyası məlumat yayıb.
“Hazırda 42 nəfərin öldüyü bildirilir, lakin qurbanların sayı daha çox ola bilər”, - deyə radiostansiyanın X sosial şəbəkəsindəki paylaşımında bildirilir.
Daha əvvəl Haiti KİV-ləri avqustun 24-nə keçən gecə paytaxt Port-o-Prensin ətrafında yerləşən Kenscoff şəhərinin sakinlərinə silahlı dəstənin hücumu barədə məlumat yayıb. Şəhər administrasiyasına istinadən ən azı 30 nəfərin öldüyü və bir neçə nəfərin yaralandığı bildirilmişdi.
Haiti təhlükəsizlik sahəsində ciddi böhran yaşayır. Silahlı quldur dəstələri Port-o-Prensin böyük hissəsinə və şəhərə bitişik ərazilərin bir qisminə nəzarət edir. BMT-nin məlumatına görə, son aylarda Port-o-Prensdə 600-dən çox insan həlak olub.
